Bir qədər getdikdən sonra gözəl bir bulağa rast gəldilər, atdan endilər. Cavan xurcunundan yemək çıxarıb süfrə salmağa məşğul oldu. Nahardan sonra qoca yapıncısını yerə sərib üstünə uzandı. Cavan onun "Qan bulağı" barəsində verdiyi vədəyə müntəzir, qarşısında əyləşmişdi. Qoca gözlərini yumub bir müddət sükuta getdi. Gənc elə fikir etdi ki, qoca vədəsini unudub yuxuya daldı. Lakin fikri yanlış idi. Bir azdan sonra qoca gözlərini açdı, başlığını büküb dirsəyinin altına qoydu və dərindən bir ah çəkib dedi:
− Ulu Qafqaz, ulu dağlar! Hər bir daşın bir tarixdir. Kimlər gəlib sinəndən keçmədi, çaylarını qızıl qana döndərmədi!. .
− Oğlum, qəm etmə, bilirəm səni pərişan edən nədir. Məgər qız tayfası düşməndən intiqam ala bilməz? Onlara da oğlan kimi tərbiyə versən, igidlikdə hər kəsdən geri qalmazlar.
Bunu eşitcək Misir xan yerindən sıçrayıb qalxır və anasını qucaqlayaraq deyir:
− Ana, fikrin çox gözəldir, ancaq de görüm, qızım olmağını kim bilir?
− Məndən və arvadından başqa kimsə bilməyir, − deyə anası cavab verir.
− Çox gözəl, indi mənim qızım olmağını gərək bir adam bilməsin. Sabahdan oğlum olduğunu elan edəcəyəm, sən deyən tərbiyəni də qızıma özüm verəcəyəm, lakin bu sirrin gizli qalması səninlə anasından asılıdır.
− Arxayın ol, oğlum, əmrin yerinə yetər, − deyə anası cavab verdi. On gündən sonra Misir xan qızına Teymur xan namını verir və bu sirr pünhan qalmaq üçün həmin bu müqabilimizdəki qayanın döşündə bir köşk bina edib orada sakin olur.
Teymur xan atasının nəzarəti altında tərbiyə alaraq nağıl olunan köşkdə böyüməyə başlayır. Onun oyun şeyləri tüfəng, xəncər, qılınc və yoldaşları bu qayalar sakini laçın, qaraquş, tərlan kimi yırtıcı quşlar olur. Belə tərbiyə nəticəsi olaraq on yaşında Teymur xan at minmədə, tüfəng atmada, qılınc vurmada igid cavanlardan geri qalmayır. Bunlardan artıq, insanları heyrətə gətirən Teymur xanın vəsfə gəlməyən gözəlliyi olur.
Bu tərəfdən Surxay xanın oğlu Paşa xan Teymur xan kimi igidlikdə və gözəllikdə məşhur olur.
Bu iki uşaq böyüyüb on səkkiz yaşına çatır, bunların igidliyi və gözəlliyi ətraf və əknafa yayılır. Bu vaxta qədər görüşmək bunlara mümkün olmamışdı. İttifaqən bu iki cavan yek-digərinə rast gələrsə, biri və bəlkə də, ikisi də tələf olmaqlarını hiss edirmişlər. Bununla bərabər, görüşmək arzusu hər ikisində gündən-günə qüvvətlənir. Oğlum! Əcdadımızdan bizə irs qalmış qana-qan etmək adətinə qurban olan bu cavanlar axırda bir-biri ilə görüşürlər.