Süleyman Sani Axundov
Hekayələr
HEKAYƏLƏR
Şahzadə nağıla başlayaraq deyir:
− Qardaşlar, biz özümüz bu azara çarə tapa bilmədik. Mənim başıma bir fikir düşmüş, söylərəm, bəyənsəniz, onu əmələ gətirərik. Tərəfi-cənubda, Asiya torpağında bəni-İsrail tayfasının arasında alim bir şəxs var. Bu alim hər bir çətin işə əlac və hər bir dərdə dərman bilir. Ağıllı adamlar seçib onun hüzuruna göndərək və dərdimizə çarə istəyək.
Hamı bu təklifə razı oldu. Elçilər seçib hədiyyələrlə bərabər o alimin yanına göndərdilər. Elçilər o zaman gəlib çatdılar ki, alim həzrətləri əyləşib, işə məşğul idi. Elçilər divanxanaya daxil olub təzim etdilər və dedilər:
Alim dedi:
− Ey əhli-şimal, bu azarın dərmanı kövkəbi-hürriyyətin şəfaətidir. O ulduz torpağınızın şərq tərəfində bir dağ dalında pünhandır. O dağ təbii deyil, onu divlər hörüb sizi kövkəbi-hürriyyətin şəfaətindən məhrum etmişlər; zamani ki onu dağıtdınız, kövkəbi-hürriyyətin nuru canınıza sirayət edib ruh və bədənlərinizi təzələyəcəkdir. Sizləri cavanlaşdırıb öz təbii halınıza salacaqdır.
Elə ki elçilər dərdlərinin çarəsini bildilər, alimə artıq razılıq edib şad və xürrəm öz vətənlərinə qayıtdılar və vətəndaşlarını işdən hali etdilər, onlar da balta, bel, kürək, ling və qeyri alət gotürüb dağı dağıtdılar və kövkəbi-hürriyyətin üzü açıldı. Onun şöləsi üstlərinə düşüb cümləsini cavan etdi. İnsanlar ruha gəlib, al libaslara girib bayram etdilər.
Lakin şadlıqları artıq davam etmədi. Bir müddət keçəndən sonra qara buludlar kövkəbi-hürriyyətin üzünü tutub onu yenə pünhan etdi.
YUXU
Yuxumda özümü bir qaranlıq yerdə gördüm.
Gözlərim heç şey seçmirdi. Lakin ayaqlarımın altında torpaq olduğunu hiss edirdim. Bir müddət keçərək gözlərim zülmətə öyrəşdi. Yavaş-yavaş ətrafımdakı əşyanı seçməyə qadir oldum. Müqabilində bir səhra açıldı, orada qoyun sürüsü göründü. Sürüyə tərəf yönəldim, yaxınlaşdıqda belə bir şəkil gördüm: qoyunlar başlarını yerə əyib, gözlərini ota dikib guya otlamaq istəyirlər, lakin hərəkətsiz durmuşlar. Çobana gəldikdə o da çomağının ucunu ovuclarına alıb çənəsinə dirsək vermişdi. Onda da heç bir hərəkət yox idi. Mən təəccübdə ikən gözlərimə meşə və çay sataşdı. Oraya getdim. Meşədə çoxlu heyvan və quş var idi. Fəqət bunlar da hərəkətsiz, sükuta getmişdilər. Hətta çayın suyu görünərək sanki yuxuya dalıb dayanmışdı. Məni heyrət götürdü. Bu anda sağ tərəfimdə qəbiristan və orada insanlar göründü.