Читать онлайн «Laokoon, Laokoon… yaxud bir romanın «gerçək» yazılma tarixçəsi»

Автор Камал Абдулла

…Enerji adlarda yox, adların sahiblərində olur. Bu da var ki, adların bir çoxu arxetip xarakteri daşıyır. Yəni alt qatında müəyyən “informasiya bankı” yerləşir. Bu mənada Vaqif adı, məncə, təsadüf deyil. Vaqif adının özünün belə, xalq arasında artıq enerjisi var. “Hər oxuyan Mola Pənah olmaz”, – deyirlər və Vaqif adı da bir vaxtlar böyük şairin çox bilikli olduğuna görə verilib. Kamal da bu adı yəqin ki, obraza təsadüfən verməyib. Firəngiz də bir gözəl qız adıdır. Adların insan taleyinə təsiri çox olur. Qıztamam, Kifayət kimi adlar hətta, dünya gözəli olsalar belə, o qızlarda bir diskomfort hissi yaradır. Amma sovet ədəbiyyatına məxsus bir ənənə, yəni müsbət qəhrəmana qanadlı, mənfi qəhrəmana isə tikanlı, bəzən hətta alçaldıcı adlar vermək ənənəsi çoxdan arxada qalıb. Çünki adlar obrazı deyil, obraz adı yaşadır.

Tehran Əlişanoğlu (Ədəbiyyatşünas, tənqidçi): Sözsüz ki, Kamal Abdulla özünün “Bermud üçbucağı” adlandırdığı “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanları ilə ədəbiyyatımıza yeni roman tipi gətirmişdir.

Müasir tematikada yazdığı son iki: “Sirlərin sərgüzəşti” və “Laokoon, Laokoon… yaxud bir romanın “gerçək” yazılma tarixçəsi” romanlarını yazıçının “Bermud üçbucağı”nı daha da dərinləşdirmək, əlavələr, şərhlər yazmaq, oxucunu daha da sirlər aləminə çəkmək cəhdi kimi dəyərləndirirəm. “Laokoon…”da özü işarə verir: “bir romanın “gerçək” yazılma tarixçəsi”; və baxıb-görürük ki, söhbət “Yarımçıq əlyazma”nın ərsəyə gəlməsindən gedir. Əlbəttə, düşünmürəm ki, bu roman “Yarımçıq əlyazma”ya aparan yeganə yolu göstərir; olsa-olsa “tarixçə” yazıçının təklif etdiyi versiyadır və bu ətrafda oxucunu “Bermud üçbucağı”nın daha da dərinlərinə çəkmək üsuludur. Prinsipcə, “Laokoon…” müasir sevgi romanı kimi də maraqla qarşılana bilər; Vaqif adlı bir alim-yazıçının Firəngiz adlı bir xanımla psixoloji çalarlarla zəngin münasibətləri üzərində qurulmuş sevgi romanı. Amma yazıçı sadəcə belletristika nümunəsi ilə kifayətlənməyib, oxucunu qəhrəmanı Vaqifin antika ilə çulğalaşmış alim və yazıçı dünyasına şərik etmək niyyəti güdür; çünki özünü də bu sirli-sehrli dünya çox məşğul edir…

Məncə, Kamal Abdulla Laokoon motivini heç də təsadüfən romana kodlardan biri kimi daxil etməyib. Bu, sadəcə Vaqifin dərk etməyə çalışdığı və Dədə Qorqud dünyasında da paradiqmlərini axtardığı düyün nöqtəsi deyil, həm də Kamal Abdullanın sənət görüşlərini ifadə etməyə çalışdığı düşüncə məqamıdır. Lessinqin məşhur “Laokoon, yaxud təsviri sənətlə poeziyanın sərhədləri” əsərindən də bilirik ki, bu antik mif hər dövrdə sənətin izahı, sənət görüşlərinin ifadəsinə bir vəsilə olubdur.

Kamal Abdullanın romana daxil etdiyi “tanış və yad sonsuz lüğət” anlayışı və bu ətrafda düşüncələri, mənimcə, dahiyanədir; həm yazıçının öz nəsr texnikasını, ifadə mükəmməlliyini dərk etməyə açar olur, həm də ümumən müasir yazı düşüncəsinin həyat materialını qapsamaqda nə qədər intəhasızlığı qarşısında heyrətləndirə bilir. “Sonsuz lüğət” müasir dünya təfəkkürünə modernist-strukturalistlərin daxil etdiyi Yazı anlayışı kimi, yaxud poststrukturalist-postmodernistlərin gətirdiyi Mətn anlayışı kimi bütöv bir düşüncə platformasına rəvac verir. Amma məsələ belədir ki, Kamal Abdulla, adətən, bu qəbildən olan “paralel dünyalar”, “möhtəşəm ahəng” və burada “sonsuz lüğət” kimi “sirlərin sərgüzəştləri” haqqında birbaşa elmi nəzəriyyələr kimi deyil, yazıçı qələmi vasitəsilə düşündürməyə üstünlük verir. Bu istiqamətdə “Laokoon…” da çox produktivdir; yazıçı-alim Vaqifin düşüncələri oxucunu bir-birini izləyən və tamamlayan çox belə fikir püskürmələrinə şərik edir…