Artur Konan Doyl
TANINMIŞ SİFARİŞÇİ
hekayələr
Tənha velosipedçinin macəraları
1894–1901-ci illər Şerlok Holmsun fəaliyyətinin çox gərgin dövrü idi. Bu 8 il ərzindəki ən çətin araşdırılmaların heç biri Şerlokun məsləhəti olmadan aparılmadı. Onun başlıca rol oynadığı şəxsi araşdırmaların sayı yüzlərlədir, eləcə də, onların çoxu hədsiz qarışıq və qeyri-adi idi.
Bu illərin nəticəsi nədir? Xeyli sayda parlaq qələbələr və əfsus ki, qaçılmaz olan bir neçə uğursuzluq. Bütün işlərin ətraflı qeydlərini saxladığıma və çox vaxt onlarda şəxsən iştirak etdiyimə görə, təbii olaraq, hansının nəşr edilməyə daha uyğun olduğunu qərarlaşdırmaq çətindir. Köhnə qaydama əməl edəcəm: Cinayətin vəhşiliyilə maraq cəlb edən yox, özünün incəliyi və nəticənin dramatik gözlənilməzliyilə seçilən hadisələrə üstünlük verəcəm.
Məhz buna görə də mən, xanım Vayolet Smit, Çarlinqtondan olan tənha velosipedçinin işini qələmə almaq istəyirəm. Bu həm də gözlənilmədən faciəyə çevrilən, çox maraqlı bir araşdırmadır. Mən deməzdim ki, bu iş dostuma şöhrət gətirmiş xüsusi heyrətamiz bacarığı təsvir edir, lakin, bəzi xüsusiyyətlər vardır ki, onların sayəsində bu hadisə əsl oçerklərim üçün seçdiyim cinayətlər ardıcıllığındadır.
Bu da 1895-ci ilin qeyd dəftərçəsi. Bəli, biz xanım Vayolet Smiti şənbə günü, 23 aprel tarixində gördük. Xatırlayıram ki, onun ziyarəti Holms üçün arzuolunan deyildi: o, çətin və sirli bir işlə, tanınmış tütün fabrikçisi, milyonçu Con Vinsent Hartenin izlənilməsi hadisəsilə ciddi məşğul idi. Holms hər şeydən çox dəqiq, dərin və diqqətli işi sevirdi, əlindəki işindən yayındırılmağa nifrət edirdi. Lakin gec saatda Beyker-stritə yanımıza gəlib ona kömək etməyimizi xahiş edən gənc, hündür, gözəl bədən quruluşuna malik və kraliça kimi qürurlu bir xanımı dinləməyi rədd etmək üçün xüsusi bir tərsliyə sahib olmaq lazım idi. Holms onu əmin edirdi ki, o məşğuldur, lakin bu mənasız idi. Görünür, gənc xanım Holms onu dinləməyənə qədər getməyəcəyinə qətiyyətlə qərar vermişdi. Əks halda, onu ofisdən çıxarmaq üçün güc tətbiq etməli olacaqdıq.
Holms razılaşdı və yorğun təbəssümlə gözəl xanıma əyləşməyi və onu narahat edən məsələni danışmağı təklif etdi.– Hər halda bu sağlamlıqla bağlı deyil! – Holms iti baxışlarla onu nəzərdən keçirib dedi. – Belə bir velosipedçinin sağlamlıqla bağlı problemləri ola bilməz!
Xanım isə öz ayaqlarına baxdı; həqiqətən də, çəkməsinin kənarı tez-tez velosiped pedalına toxunduğu üçün bir az sürtünmüşdü.
– Bəli, mən velosipeddən çox istifadə edirəm, cənab Holms, və bunun mənim ziyarətimlə birbaşa əlaqəsi var.
Holms ona yaxınlaşdı və onun əlini tutdu, ziyarətçimizin əllərində əlcək yox idi. Holms elə diqqətlə onun əllərinə baxmağa başladı ki, elə bil, alim hərhansı bir nadir tapıntıya baxır.
– Ümid edirəm, siz məni bağışlayarsınız, mənim peşəm belədir, – onun əlini aşağı salaraq dedi.
– Mən az qala səhv edəcəkdim, düşünmüşdüm ki, mətn yığansınız. Amma əlbəttə ki, siz musiqi ilə məşğul olursunuz. Vatson, əzilmiş barmaq uclarına diqqət yetirin. Həm pianoçu, həm də mətn yığan biri üçün xarakteristikdir. Lakin sizin üzünüzdə yalnız ruh yüksəkliyi, şövq var. – Holms qızın üzünü incə hərəkətlə işığa tərəf döndərdi, – bu, mətn yığanlara xas deyil. Heç bir şübhə yoxdur, bizim müştərimiz musiqiylə məşğuldur.