Читать онлайн «Gümüşü şimşək»

Автор Дойл Артур Конан

Artur Konan Doyl

GÜMÜŞÜ ŞİMŞƏK

hekayələr

GÜMÜŞÜ ŞİMŞƏK

– Vatson, gedəsi yerim var, – Holms səhər yeməyində mənə dedi.

– Hara? – soruşdum.

– King's Pyland, Dartmurda.

Holmsun belə deməyinə heç təəccüblənmədim. Əslində, neçə gündür, İngiltərədə dildən-dilə dolaşan bu hadisə ilə məşğul olmaması məni heyrətləndirmişdi. Bütün günü çənəsini mıxlanmış kimi sıxıb çatılmış qaşları ilə otaqda gah irəli, gah geri var-gəl etmiş, çubuğu dəfələrlə ən sərt tütün ilə dolub-boşalmışdı. Suallarıma, atmacalarıma reaksiya vermirdi. Xəbər büromuzun göndərdiyi gündəlik qəzetlərə göz gəzdirdikdən sonra bir kənara tullamışdı. Danışmasa da, ağlından keçənləri təxmin edə bilirdim. Mətbuatda yazılmış “Uesseks kuboku” cıdır yarışının favorit atının yox olması və məşqçisinin acınacaqlı ölümü haqqında xəbərlər analiz bacarığını əməlli-başlı qıcıqlandırmışdı. Elə bu səbəbdən də hadisənin baş verdiyi yerə getmək niyyətinin olduğunu açıqlayacağı anı dörd gözlə gözləyir, buna ümid edirdim.

– Əgər mane olmaramsa, səninlə gəlməkdən xoşnud olardım, – dedim.

– Əziz Vatson, inan ki, gəlməyin çox yaxşı olardı. Zamanını boş yerə xərcləməyəcəyinə söz verirəm. Bu hadisəni bənzərsiz dərəcədə xüsusi edəcək bəzi nüanslar var. Zənnimcə, Paddinqtondakı qatara çatacaq qədər vaxtımız var: məsələ ilə bağlı ayrıntıları sənə yolda danışaram. Bu möhtəşəm binoklunu da özünlə götürsən, sevinərəm.

Holmsun dediyi kimi, bir saat sonra artıq Ekseterə gedən qatarın birinci dərəcəli vaqonunda oturmuşduq. Şerlok Holms səyahətlərdə istifadə etdiyi qulaqları dik kartuzunun1 dövrələdiyi sərt və həvəsli üzü ilə Paddinqtondan aldığı gündəlik qəzetləri oxuyurdu.

“Reading”i də bitirib sonuncu qəzeti qoltuğuna qoydu və siqar qutusunu mənə uzatdı.

Pəncərədən bayıra baxa-baxa saatına göz yetirdi:

– Yaxşı gedirik, indi sürətimiz saatda 53,5 mildir.

– Qalıq mil işarəsini görmədim, – dedim.

– Mən də görmədim, amma bu xətdəki teleqraf dirəkləri altmış metr aralığında tikildiyinə görə hesablama aparmaq asandır. Con Streker və Gümüşü Şimşəyin itməsi ilə bağlı hadisənin təfsilatından məlumatın var?

– “Telegraph” və “The Chronicle” qəzetlərində nə yazılıbsa, ancaq onu bilirəm.

– Bu hadisə detektivin yeni dəlillər toplamaqla deyil, əldə olan dəlilləri araşdırmaqla qabiliyyətini göstərməli olduğu hadisələrdəndir. Bu, adət etdiyimiz hadisələrdən fərqli, olduqca qarmaqarışıq və çoxları üçün şəxsi önəm daşıyan faciə olduğu üçün saysız-hesabsız təxminlər, ehtimallarla sarılmış şəkildəyik. Çətin olan da jurnalistlərin, şərhçilərin bərbəzək verib şişirtdikləri şeylər arasından həqiqəti, mütləq və inkaredilməz həqiqəti tapıb ortaya çıxarmaqdır. Bu möhkəm təməllərə istinaddan sonra etməli olduğumuz iş nəticələri araşdırmaq və bütün bunların niyə baş verdiyini aşkarlamaq olacaq. Çərşənbə axşamı həm atın sahibi polkovnik Rossdan, həm də işə baxan müfəttiş Qriqoridən teleqram aldım. Köməyimi istəyirlər.

– Özü də çərşənbə axşamı və bu gün cümə axşamıdır. Niyə dünən işə başlamadın?

– Çünki yanıldım, əziz Vatson, üstəlik bu yanılmaya məni sənin hekayələrin sayəsində tanıyan çoxlarının zənn etdiyindən daha tez düşməyimdən qorxuram. İngiltərədə bu cür məşhur atın, hələ də, Şimali Dartmur kimi insanların sıx yaşadığı bölgədə uzun müddət gizli qalacağını təxmin etməmişdim. Dünən saatlarla atın tapılması, onu qaçıranın da Con Strekerin qatili ilə eyni adam olacağı xəbərini gözlədim. Amma bir gün keçəndən sonra gənc Fitsroy Simpsonun tutulmasından başqa nəsə baş verməyincə hərəkətə keçmə vaxtının gəldiyini hiss etdim. Bütün hallarda dünənki günü boşuna keçirdiyimi düşünmürəm.