Artur Konan Doyl
DETEKTİV ÖLÜM
YATAĞINDA
h e k a y ə l ə r
İÇİNDƏKİLƏR
Detektiv ölüm yatağında... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... . .
Brüs Partinqton planları... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... .
Ledi Frensis Karfeksin itməsi... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... .
Şeytanayağı... ... ... ... ... ...
... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...Qloriya Skot hadisəsi... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... .
DETEKTİV ÖLÜM YATAĞINDA
Şerlok Holmsun ev sahibəsi xanım Hudsonun çəkdiyini, yəqin ki, başqa heç bir ev sahibi çəkməmişdir. O, evinin qapısında qəribə və xoşagəlməz adamların toplaşması azmış kimi, kirayəçisinin qəribə vərdişlərinə və nizamsız həyatına da dözmək məcburiyyətində qalırdı. İnanılmaz dağınıqlığı, uyğunsuz saatlarda musiqi dinləmə ehtirası, bəzən evin için-də tapançayla məşq etməsi, murdar qoxuların yayılmasına səbəb olan elmi təcrübələri və həyatından əskik olmayan zo-rakılıq və təhlükələr Holmsu Londonun ən pis kirayəçisi he-sab etməyə kifayət edərdi. Amma ödənişləri gecikdirməzdi. Əminəm ki, Holmsun birlikdə işlədiyimiz illər ərzində ver-diyi kirayəni yığsanız, böyük bir ev satın ala bilərdiniz.
Davranışları nə qədər qeyri-adi olursa-olsun, ev sahibəsi ona hər vaxt hörmətlə yanaşar, işinə burnunu soxmağa cəsarət etməzdi. Hətta, dostumun qadınlara qarşı nəzakətli davranışına görə, bu yaşlı qadın ondan xoşlanırdı. Holms isə əks cinsdən xoşlanmaz, onlara əsla güvənməzdi; bununla belə kübarlığı da əldən buraxmazdı. Qadının Holmsa nə qədər fədakar yanaşdığını bildiyim üçün, evliliyimin ikinci ilində, qaldığım yerə gəlib dostumun düşdüyü vəziyyət haqqında danışarkən onu ürək ağrısıyla dinlədim.
– O ölür, Doktor Uatson, – dedi. – Üç gündür yataqdan çıxmayıb; təəssüf ki, bu gün də çıxa bilməyəcək. Həkim çağırmağıma icazə vermir. Bu səhər üzünün solğunlaşdığını və çarəsizcə baxan böyük, parlaq gözlərini görüncə lap pis oldum. “İcazəniz olsa da, olmasa da, cənab Holms, gedib həkim tapacağam”, – dedim. “O zaman Uatson olsun”, – dedi o da. Yerinizdə olsam tələsərdim cənab; yoxsa onu bir daha görməmək ehtimalınız var.
Xəstəliyindən xəbərim olmadığı üçün deyilənlər məni dəhşətə gətirmişdi. Pencəyimi və şapkamı necə tələm-tələsik qapıb yola düşdüyümü təxmin edə bilərsiniz. Yolda digər detalları da soruşdum.
– Danışacağım elə bir şey yoxdur. Çayın kənarındakı Roserhisedə baş vermiş bir hadisəni araşdırırdı yəqin; bu xəstəliyə də orada yoluxub. Çərşənbə axşamı yatağa düşdü, o gündən bəri də ayağa qalxa bilməyib. Üç gündür ki, boğazından nə bir loxma keçir, nə də bir qurtum su içə bilir.
– Uca Tanrım! Bəs niyə həkim çağırmadınız?
– İcazə vermədi, cənab. Nə qədər inadçı olduğunu özünüz də bilirsiniz. Sözlərinə qarşı çıxmağa cəsarət edə bilmədim. Amma siz də görəcəksiniz, belə gedərsə yaşayan deyil.
Dostum, həqiqətən də, ağır vəziyyətdə idi. O dumanlı noyabr gününün alaqaranlığında Holmsun otağı kəsafətə bürünmüşdü. Amma ürəyimi ən çox ağrıdan, yatağından mənə baxan zəif, solğun üzü idi. Gözləri qızdırmanın çoxluğundan parlayırdı; yanaqlarına xəstəliyin qırmızılığı çökmüşdü. Örtüyünün üstünə çıxardığı nazik əlləri dayanmadan titrəyir, səsi xırıldayırdı. Otağa girdiyim zaman yerindən tərpənmədi, amma gözlərindəki parıltıdan məni tanıdığını anladım.