Artur Konan Doyl
POLKOVNİKİN ÖLÜMÜ
hekayələr
İÇİNDƏKİLƏR
Masqreyv ritualı... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... . .
Reyqeyt tapmacası... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...
Bruk küçəsində cinayət... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...
... ... ... ... ...Polkovnikin ölümü... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... .
MASQREYV RİTUALI
Dostum Şerlok Holmsun məni ən çox çaşdıran xüsusiyyətlərindən biri də düşüncə tərzi baxımından, heç şübhəsiz, dünyanın ən sistemli, ən vasvası adamlarından olmasıdır. Geyim tərzində də hədsiz rəsmi və diqqətli olan, bir evdə yaşadığım bu adam vərdişlərində də eyni dərəcədə diqqətsiz və səliqəsizdir. Bunu çox sahmanlı olduğum üçün söyləmirəm. Əfqanıstandakı qarışıqlıq və keşməkeşdən çıxandan sonra bohem həyat tərzinin zirvəsinə çıxdığımı və bir həkimə yaraşmayacaq dərəcədə nizamsız olduğumu qəbul edirəm. Amma nizamsızlığımın bir sərhədi var, siqarlarını kömür vedrəsində, tütününü İrandan gəlmə başmağının içində saxlayan, cavab verilməmiş məktublarını qatlama bıçaqla taxta buxarı rəfinin tam ortasına pərçimləyən adamın yanında aydan arı, sudan duruyam.
Atış təlimlərini açıq hava məşğuliyyəti hesab edirdim. Holms kefinin kök olduğu vaxt kreslosunda oturub yüz ədəd “Bokser” markalı güllə ilə divarı vətənpərvər duyğularla V. R. 1 hərfləri ilə bəzəyəndən sonra bunun şərt olmadığını anladım. Bu addımdan sonra otağımızın havası və görünüşünün ürəkaçan olmadığını deməyimə, yəqin ki, ehtiyac yoxdur.
Otağımız daim kimyəvi maddələr və inanılmaz yerlərdən, məsələn, qab-qacağın içindən, ya da çox daha əcaib yerlərdən çıxan cinayət dəlilləri ilə dolu olardı. Ən pisi də sənədlər idi. Sənədləri, xüsusilə araşdırdığı köhnə işlərlə əlaqədar olanları atmaqdan xoşılanmırdı. Sənədi bir-iki dəfə – özündə o gücü tapsa – çıxarıb etiketləməyə, sistemləşdirməyə çalışardı. Daha əvvəl də haqqında danışdığım kimi ona şöhrət gətirən kəşflər edər, iddialarının arxasına düşüb fövqəltəbii enerji xərcləyərdi. Proses yekunlaşanda isə keylik, tənbəllik dövrü gələr, skripkası və kitablarına diqqət kəsilərdi. Divanla masa arasında eşələnməsini nəzərə almasaq, barmağını oynatmayacaq qədər tənbəlləşərdi. Beləcə, kağız-kuğuz aylarla yığılar, otağının hər küncünə qalaqlanardı. Qəti şəkildə yandırılması, sahibinin icazəsi olmadan harasa aparılmasına dözə bilməzdi.
Bir qış gecəsi buxarının qarşısında oturmuşduq, Holms da əlindən yerə qoymadığı kitabının üzərinə bəzi qeydlər etməklə məşğul idi. İşini bitirəndə cəsarətimi toplayıb, bir-iki saat işlərə ara verib otağımızı daha yaşanılacaq hala gətirməyimizin yaxşı olacağını söylədim. Mənimlə razı olduğunu bildirib kədərli üz ifadəsi ilə qalxdı və yataq otağına getdi. Böyük bir tənəkə qutunu sürüyüb gətirdi. Qutunu otağının ortasına qoydu, altına bir kətil çəkib oturdu və qapağını açdı. Üçdə biri qırmızı sancaqlarla bir-birindən ayrılmış kağızlarla dolu idi. Çoxbilmiş təbəssümlə mənə baxdı:
– Burada çox hadisə var, Vatson. Bu qutuda nələr olduğunu bilsəydin, məncə, çöldəkiləri bunun içinə qoymaq əvəzinə içindəki kağızları çıxarmağımı istəyərdin.