Nizami Gəncəvi
LEYLİ VƏ MƏCNUN
(nəsrlə sadələşdirilmiş)
QEYSİN LEYLİNİ SEVMƏSİ
Bu hadisəni nağıl edən belə danışır ki, qədim zamanlarda ərəb torpağında Amiri tayfasının başçısı olan bir xəlifə vardı. Çox səxavətli, ürəyiaçıq və alicənab bir şəxs idi. Şöhrəti bütün aləmə yayılmışdı: varda, dövlətdə çoxlarını heyrətə salmışdı. Həm də çox əliaçıq idi, kimsəsizlərə, fağır-füqəraya əl tutardı. Lakin bu böyük insanın şöhrətinə bərabər bir də dərdi vardı. Onun övladı yox idi. İşıqsız şama bənzəyirdi. Bu xəlifə vardan, dövlətdən daha çox övlad istəyirdi. Bəxtini köməyə çağırar, Allaha yalvarıb ondan nicat diləyərdi. Özündən sonra bir varisinin olmasını istəyirdi. Nəslini davam etdirəсək, bir gün özü dünyada olmayanda onu yaşadacaq oğul arzu edirdi. Bu məqsədlə də min-min acın qarnını doyurur, nəzir-niyaz paylayır, fəqət bir nəticəsi olmurdu. Amma ümidini Allahdan üzmürdü, inanırdı ki, yardım üçün uzatdığı əllər boş qalmayacaq. Əgər qismət belədirsə, deməli, bu işdə nəsə bir hikmət var. Dünyada çox şey olsa da, biz onlardan yalnız bir neçəsinə nail oluruq. Ürəkdən nə qədər arzular keçsə də, gizlində qalmağı bu arzulara bir gözəllik və maraq verir.
Nəhayət, oğul həsrətilə qəlbi yanan bu ərəbin naləsini Allah eşitdi. Yanğısının üstünə su səpdi, ona bir oğul bəxş etdi. Gözəllikdə tayı-bərabəri olmayan bir körpə dünyaya gəldi – üzü aləmə nur saçardı, dodağı nar kimi qırmızı, özü isə çiçək kimi ətirli idi. Ata oğlunun üzünü görən andan xəzinəsini açdı, hədiyyələr, nəzirlər payladı. Uşaqla dayələr məşğul olurdular. Elə ki bu uşaq ikihəftəlik oldu, sanki beşikdən ay baxırdı, onun adını Qeys qoydular. Böyüyüb on yaşa çatdıqda gözəlliyi dillər əzbəri olmuşdu, onu görən hər kəs gözəlliyinə heyran olar, Tanrıdan can sağlığı diləyərdilər. Nəhayət, məktəb yaşı çatdı, bir dəstə qız və oğlanla bərabər məktəbə getdi. Məktəbdə elmin sirlərini öyrənir, öyrəndikcə də kamala dolurdu. Qeysin bu işdə hünəri vardı, fənləri öyrəndikcə daha da mükəmməl biliyə yiyələnirdi. Onunla gözəl bir dilbər otururdı. Bu qız da ağlı, kamalı ilə bərabər gözəlliyi ilə də görəni heyran edirdi. Üzü sanki ərəb ayı, saçları elə bil gecə idi, həyalı və abırlı idi. Saçları gecə (leyl), adı da Leyli idi.
Hamı ona meyil salmışdı. Qeys də bu gözəli görən kimi biganə qala bilməyib könlünü ona verdi. Leyli də onun bu sevgisini cavabsız qoymadı – könüldən-könülə bir sevgi boy atdı. Eşq badəsindən içib məst oldular. Birlikdə elm öyrənər, lüğətdən söz axtarardılar, amma indi onların başqa “lüğətləri” vardı. Yoldaşları kitab açanda, onlar eşqdən söhbət açardılar. Başqaları hesab sayarkən onlar yalnız özlərini sayardılar. Beləcə, onların sevgisi günü-gündən güclənirdi. Zalım məhəbbət öz qılıncını çəkib bu iki gəncin qəlbini qarət etdi,ürəklərindən səbirlərini apardı. Onlar bu sevgini nə qədər gizli saxlamaq istəsələr də, bilmirdilər ki, “xoş iyi olan ətir qabda bağlı olanda belə rayihəsi duyular”. Bir müddət keçdikdən sonra isə “tuluqlar yırtıldı, eşşək yıxıldı” (ərəb məsəli), yəni sirr açılıb aləmə yayıldı. Elə ki bu sirr aşkar oldu, hamı onlardan danışmağa başladı. İki gənc bu sirri gizlətmək üçün müvəqqəti olaraq bir qədər uzaqlaşmağı qərara aldılar. Fürsət düşəndə bir-birlərinə baxar, aradabir gizlində söhbət edərdilər. Amma neyləsələr də, yayılan söz-söhbətin qarşısını ala bilmədilər. El-aləm onların məhəbbətindən danışmaqdan yorulub usanmadı. Eşqdən xəbəri olmayanlar Qeysi “Məcnun” deyə çağırdılar. Yazıq Qeys də əlacsız qalıb bu adı üstünə aldı. Elin tənəsi o qədər çoxaldı ki, axırda biçarə Leyli də camaatın “dəli” adlandırdığı Məcnundan gizlənmək məcburiyyətində qaldı. Ancaq Leylinin zərif ürəyi bu hicrana dözmürdü, gizlində gözündən yaşlar axıdırdı. Məcnun da öz sevgilisini görməyəndə gözündən yaş sel kimi axırdı. Küçəni, bazarı sərsəm kimi gəzirdi. Ah-vay edib nalə çəkirdi. Onun səsi aşiqlərin səsiydi, eşidənlərin ürəyi parça-parça olardı bu səsdən. Cahillər isə hər yerdə onun ardınca “Məcnun! Məcnun!” bağırardılar. Qeys də bu tənələrdən daha da qəmlənər, ürəyində fikirləşərdi: “Bir at sürmək istədim, at da əldən çıxdı, yüyəni də”. Onun fikrində yalnız Leylinin xəyalı dolanırdı, ürəyini onun eşqilə bölüb “iki para” eləmişdi ki, sevgilisi onu görəndə “qəlbi para” desin.