Читать онлайн «Xosrov və Şirin»

Автор Низами Гянджеви

Nizami Gəncəvi

XOSROV VƏ ŞİRİN

(nəsrlə sadələşdirilmiş)

XOSROV VƏ ŞİRİN DASTANININ BAŞLANMASI

Kəsra bəxtinə zaval gələn zaman Hörmüz şahlıq taxtına çıxdı. O, tez bir zamanda ədaləti ilə məşhurlaşdı. Adı dildən-dilə dolaşırdı. Nəsli itməsin deyə Allahdan bir oğul istədi. Niyyətinə çatmaq üçün xeyli nəzir verdi, qurbanlar kəsdi. Nəhayət, Allah ona bir oğul lütf elədi. Övlad nə övlad! Sanki bir dəniz incisi, nurlu çıraqların birincisi idi! Bəxti gözəl idi, xoşbəxt doğulmuşdu. Taxt-tac ona gözəl yaraşırdı. Atası onun istedadını görüb adını Xosrov Pərviz qoydu.

Xosrovun gülüşü səhərdən gözəl, görünüşü günəşdən qəşəngdi. Dodağında südə həvəs duyaraq şəkər və südlə bəslədilər. Hər gün şahın yanına gətirib gültək əldən-ələ ötürərdilər.

Bəxti hər il yaşını artırdıqca o gənc başını biliklə doldururdu. Elə ki beş yaşına çatdı, hər kəsə baxıb ibrət götürərdi. Yeddinci ilə ayaq qoyan zaman güllərə müşk saçırdı. Günləri boş keçməsin deyə şah onu bir mürəbbiyəyə tapşırdı.

Bu söhbətdən bir xeyli keçdi. Xosrov hünərdə dillər əzbəri oldu. Sözünün şöhrəti hər yana düşdü. Aqil və huşyar adamlar onun yanında danışmağa ehtiyat edərdilər. Gözü tükü tükdən seçirdi. Doqquz yaşa çatanda artıq oyun oynamağı buraxıb qolunu şir üstə sınadı. On yaşa çatanda otuz yaşlıları heyran qoymağa başladı. Elə ki yaşı on dördü aşdı, onda hər şeyə qarşı maraq oyandı. Dünyada yaxşı-yamanı seçməyi bacardı.

Büzürgümüd adlı bir alim vardı. Yer üzünü qarış-qarış gəzmiş bu alim müdrikliyi ilə göylərə ucalmışdı. Göyün xəzinələri ona açıqdı. Qoynuna “Sirlər evi” desəm, yanılmaram. Xosrov gizlicə ona yaxınlaşıb bilik almaq üçün ağız açdı. Onun təlimindən könlü nurlandı.

Ondan bir çox hikmət öyrəndi. İşi hər zaman şahına xidmət etmək idi. Şahın qulluğundan heç zaman əskik olmazdı. Şah onu nəinki dünyadan, hətta öz şirin canından da artıq sevərdi.

Oğlunun ömrü uzun olsun deyə hər şeyə hazır idi. Öncə zülmə yox dedi. Carçıya əmr etdi:

– Carçı, çağır! Bütün aləm eşitsin ki, kim zülm eləsə, cəzasını alacaq. Əgər bir at gedib bir tarlaya girsə, biri bağdan meyvə, gül oğurlasa, birisi naməhrəm qadına baxsa, bir gözəl evinə yad adam buraxsa, ən ağır cəzama düçar olacaq.

Şah ədalətdə qüsursuzdu, ona görə də gözlər daim kədərsiz, könüllər tox, yer üzü isə abad oldu. İnsanlar zülmdən azad oldular.

XOSROVUN ŞİKAR ZAMANI BİR KƏNDLİNİN EVİNƏ GETMƏSİ

Günlərin bir günü Xosrov səhər erkən çölə çıxdı. Könlü çox şən idi. Ovladı, quşladı… çoxlu kəmənd atdı. Uzaqdan çox səfalı bir kənd göründü. Kəndin hər tərəfi çöl, çəmən idi. Xosrov bu çəməndə atından endi. Bir ev istədi. Dedi:

– Bir məclis düzəlsin, kef edək.

Yoldaşları ilə işrətə əyləşib, səhəri əldə piyalə açdılar. Musiqiyə qulaq asdılar.

Atlarından biri gün çıxan zaman göy bir tarlaya girib ot yemişdi. Bir qulam isə gecə gizlicə bağa girib bir qora üzmüşdü.

Gözü götürməyən bir nəfər tələsik sultana xəbər apardı:

– Dünən gecə Xosrov əmri pozaraq şahın əmrinə qarşı çıxmışdı. Atı kəndin varını kor qoyub. Qulu bağın qoralarını dərib. Gecə bir yoxsulun evini tutub. Çəngi hər tərəfə gurultu salıb. Şahzadə yox, başqası etsə idi, şah onun varını alardı. Yüz damar kəsib çoxlu qan alan adam öz damarını kəsəndə əli titrəyər.