Nizami Gəncəvi
İSKƏNDƏRNAMƏ
(nəsrlə sadələşdirilmiş)
I HİSSƏ
ŞƏRƏFNAMƏ
İSKƏNDƏRİN TAXTA ÇIXMASI
Rum şahı Feyləqus vəfat edəndən sonra onun yerinə oğlu (Makedoniyalı) İskəndər taxta çıxdı. İskəndər taxta çıxan kimi Rum ölkəsində yeni dönəm başladı. O, atasından qalan köhnə və yararsız adətləri atıb, yaxşıları isə həyata keçirməkdə daha məsuliyyətli olurdu.
Qısa zamanda ölkədə yeni qanunlar qoyan və buna əməl edən İskəndər bütün ölkənin sevimlisinə çevrildi. O, hamını sevər, hamıya qayğı göstərər, ədalətin bərpa olmasına çalışardı. Hətta öz ölkəsindəki insanları bütün vergilərdən azad etmişdi. Rumda tikanların yerinə güllər əkdirən hökmdar dünyanın əsas hissəsinə sahib oldu. Qərbdə Aristotel adı ilə tanınan böyük filosof Ərəstun İskəndərin vəziri idi. Bir yerdə böyüyən, birgə təhsil alan Ərəstun İskəndərin böyüməsində ən böyük xidməti olan adamlardan idi. O, İskəndərə hər işində tədbir tökər, məsləhətlər verərdi.
Günlərin bir günü İskəndər öz sarayında məclis qurub şadlanırdı. Bu zaman bir çox məzlum insan sarayın həyətində, “Aman” – deyə səs salır. İskəndər öyrənir ki, bunlar misirlilərdir. Zəncilər onların ölkəsinə hücum edib, hər yanı dağıtmış, misli görünməmiş qanlar axıtmışdı. Əgər o köməyə getməsə, qısa zamanda Misir adlı zəngin bir ölkə yer üzündən silinə bilər.
İskəndər ağıllı, bilikli, savadlı, uzaqgörən vəziri Ərəstundan məsləhət istədi. Ərəstun dedi ki, bu sənin gücünü göstərmək üçün bir şansdır. Əgər bir ordu zəfərlər qazanarsa, onun təməli daha güclü olar.
Bunu eşidən İskəndər əmr etdi ki, qoşun hazırlansın, döyüşə başlayacağıq.
Üz-üzə gələn ordular gecəyə qədər qanlı vuruşmanı davam etdirdilər. Səhər açılanda İskəndər Tutiyanuş adlı məharətli elçisini rəqib hökmdar Zəngibar şahı Pələngərin yanına göndərdi. Elçi şaha dedi:
– İskəndər istəyir ki, siz qan tökmədən təslim olasınız və o da sizi bağışlayar!
Elçinin sözü bitməmiş Zəngibar şahı onun başını kəsib hamının gözü qarşısında qanını şüşəyə tökdürüb içdi.
Tutiyanuşla birgə gedən elçililər gördükləri bu dəhşətli səhnəni İskəndərə danışırlar. İskəndər döyüşü davam etdirməli olur.Pələngərin bu vəhşi hərəkətindən qorxan döyüşçülər məğlub olurlar.
İskəndər öz vəziri Ərəstuna bu vəziyyətdən çıxmaq üçün bir tədbir görməsi üçün müraciət edir. Ərəstun ona qoşunun gözünün qorxduğunu söyləyir və məsləhət görür ki, şah düşmən önündə möhkəm dayanmaq üçün bir yol tapıb onun Zəngibar şahından daha yırtıcı olduğunu düşmənlərə göstərsin.
İskəndər bilicinin məsləhəti ilə hamının gözü qabağında zənci əsirlərindən birinin başını kəsib bişirilmək üçün mətbəxə göndərir. Sonra isə aşbazın gətirdiyi qara qoyun başını zənci başı adıyla ləzzətlə yeyərək özünün adamyeyən olduğunu qarşı tərəfə anladır.
Zənci əsirlərindən fürsət tapıb qaçanları Rum şahının qorxunc bir adamyeyən olduğunu öz ordularına çatdırırlar. Dəhşətə gələn zəncilər inam hissini itirir və əvvəlkitək döyüşə bilmirlər. Vuruş zamanı meydanda bir neçə pəhləvanı məğlub edən İskəndər zəncilərin başçısı Pələngəri məhv edərək qalib gəlir.
Hökmdar bundan sonra Ruma qayıdır. Bu zaman onun İran şahı Dara arasında narazılıq baş verir. Daranın elçisi İskəndərin yanına gələrək onun xərac tələbini çatdırır. İskəndər xərac verməyəcəyini qəti şəkildə bildirir. Onun belə sərt cavabından qəzəblənən Dara İskəndərin top və çovkanla oynayan bir uşaq, özünün isə saysız-hesabsız qoşuna malik qüdrətli bir şah olduğunu göstərmək məqsədilə qasidə bir top, bir çovkan, bir çuval da küncüd verərək Ruma yollayır. Hədiyyənin mənasını çox gözəl anlayan İskəndər onu bilərəkdən belə yozur ki, “Dara topla yuvarlaq yer kürəsini nəzərdə tutur, çovkanı isə cahanı özümə tərəf çəkmək üçün mənə göndərib. “Sonra küncütü yerə dağıdıb saray quşlarına dənlədir və bununla Daranın saysız-hesabsız qoşunlarını məhv edəcək igid döyüşçüləri olduğunu rəqibinə çatdırır. Əvəzində isə elçiyə iki çuval üzərlik verərək yola salır. Bununla da, demək istəyir ki, üzərlik dənələri acı olduğu üçün heç bir quş onu yeməz. Yəni Rum qoşunlarına Daranın ordusu qalib gələ bilməz.