Читать онлайн «Yeddi gözəl»

Автор Низами Гянджеви

Nizami Gəncəvi

YEDDİ GÖZƏL

(nəsrlə sadələşdirilmiş)

MÜQƏDDİMƏ

İki dünyanın yaradıcısı Allaha şükür. Onun yaratdıqlarının ən yaxşısı olan Məhəmmədə və ailəsinə salam olsun.

Bilin və agah olun ki, tarixçilərin etiqadına görə qədim zamanlarda, İran torpağında dörd sülalə hökmranlıq eləyibdir. Əcəm sultanları adı ilə məşhur olan o dörd sülalə Pişdadilər, Kəyanilər, Əşkanilər və Sasanilərdən ibarətdirlər. Bu etiqada görə məşhur İskəndər Kəyan padşahlarından axırıncısı hesab olunur. Amma firəng tarixçilərinin əqidəsinə görə, İranda şahlıq eləmiş padşahlarımız Kəyan, İskəndər və onların xəlifələri Əşkanilər və Sasanilər idilər. Hər halda Sasani sülaləsi Əcəm sultanlarının axırıncısıdır. Onların sayı iyirmi səkkiz idi. Yəzdigürd oğlu Bəhram İranın dördüncü məşhur və tanınmış padşahlarındandır. O, Sasani sülaləsinin on dördüncü padşahı olub, Heyrə sultanlarının yanında, Xəvərnəq və Nemanlar qəsrinin içərisində tərbiyə alıbdır. Burada onun əhvalatı bütünlüklə söyləniləcəkdir. Hərgah bu kitabda hadisələr tarixlə düzgün olmasa, oxuyanlar irad tutmasınlar.

Xülasə, bu Yəzdigürd daşürəkli, mürüvvətsiz, çoxlu eyibləri olan bir padşah idi. Onun eyiblərindən biri bu idi ki, hər kəs ona yaxşılıq etsə idi, əvəzində pislik görərdi. Bir sözlə, rəiyyət onun hökmranlığından razı deyildi.

Yəzdigürd bir neçə övladı dünyaya gəlmişdisə də, çox yaşamamış və dörd yaşında olarkən dünyadan getmişdilər. Daha övladı yox idi ki, özünə vəliəhd təyin eləsin. Buna görə də çox kefsiz və kədərli idi. O, günlərin bir günü xəlvətə çəkilib, başını açdı və əllərini Allahın dərgahına qaldırıb, ağlar gözləri və yanar ciyəri ilə ah-zarla ərz elədi:

– İlahi, ey mənim xaliqim, sənin dərgahına gələn bu ağsaçlı, bu ağlargözlü bəndənə rəhm elə, öz inayətinin bu bəndədən əsirgəmə. Sənin qapına gələn hər kəs, oradan məyus və məhrum qayıtmayıbdır.

Məni də öz dərgahından naümüd qaytarma.

Xülasə, çox ağlayıb nalə etdikdən sonra xəlvətdən gəlib öz hərəmxanasına daxil oldu və birinci hərəmi ilə baş yasdığa qoydu. Allahın köməkliyi ilə padşahın duası qəbul olundu, arvadının boynuna uşaq düşdü. Padşaha müjdə verdilər, onun ruhu bu xəbərdən təzələndi, hədsiz dərəcədə sevindi. Sonra hökm elədi xəzinənin qapısını açdılar, fəqirlərə və dərvişlərə çoxlu qızıl bağışladı. Uşaq dünyaya gələnədək hər gün ehsan verdi. Vaxt tamam olandan sonra Allah-taala ona bir oğul evladı qismət elədi. Padşaha müjdə verdilər, o, çox xoşhal oldu. Əmr elədi bütün bazar və dükanları çırağban elədilər. Hər yerdə eyş-işrət məclisi quruldu. Məmləkətin yeddi illik xəracını xalqa bağışladı.

MÜNƏCCİMLƏRİN PADŞAHLA SÖHBƏTİ

Sonra əmr elədi ki, məmləkətin bütün münəccimləri və ulduz tanıyanları yığışıb padşah dərgahına gəlsinlər və yeni doğulmuş şahzadənin taleyindən xəbər versinlər. Münəccimlər yığışıb saraya gəldilər, kitablarını açıb, baxmağa başladılar. Padşaha ərz elədilər ki, Allah-taalaya şükür olsun, şahzadənin iqbalı və taleyi çox uca və xoşbəxtdir. Allahın inayəti ilə o, yeddi iqlimi zəbt və özünə təslim edəcəkdir.

Padşah bu xəbərdən çox xoşhal oldu. Münəccimlərə çoxlu cəvahir və xələt verdi. Şahzadənin adını Bəhram qoydu, tapşırdı ki, tərbiyəsinə səy və diqqət yetirsinlər.