DƏDƏ QORQUD
d a s t a n l a r ı
Bu kitab Fərhad Zeynalovun və Samət Əlizadənin sadələşdirdiyi variant əsasında hazırlanmışdır. Yenidən sadələşdirilmiş bu variantda çətin anlaşılan sözlər çıxarılmış, ixtisarlar aparılmışdır.
Redaktordan bir neçə söz
Qədim tarixə, mədəniyyətə malik olan Azərbaycan xalqının şifahi ədəbiyyatı çox zəngindir. İstər nağılları, istər dastanları, istər rəvayət və əfasənələri dünyanın keçmişindən xəbər verməklə yanaşı, fantastik obrazlarla gələcəyindən də xəbər verir. Bu bizə imkan verir ki, böyməkdə olan uşaqlarımız bu amillərdən yararlanıb dünyanın gələcəyi ilə bağlı layihələr, ideyalar təklif etsin. Türklərin gücünü dünyaya intellektləri ilə bəyan etsinlər.
Həyat, dünya, ideyalar, arzular heç vaxt yenilənmir, sadəcə olaraq formasını dəyişib, bir formadan digər formaya düşür. Avropa bunu çoxdan dərk etdiyi üçün qədim mədəniyyətin üzərində işləyərək, cilalayaraq yeni, modern formada üzə çıxarır və dünyaya mədəni hökmranlıq edir. Və beləliklə situasiyalar yaradıb onu idarə edirlər. Necə ki 16-19-cu əsr Avropa yazıçıları Avestanı, Nizami Gəncəvinin “Xəmsə”sini öyrənərək yeni ədəbi nümunələr ortaya qoydular. Bunun sübutu şərqin ən dəyərli abidələrəninin hələ də Avropa arxivlərində saxlanılmasıdır.
Milli irsimizi tanıyıb və tanıtdırmaq məqsədi ilə Hədəf Nəşrləri böyük alimlərimiz Samət Əlizadənin və Fərhad Zeynalovun hazırladığı “Kitabi-Dədə Qorqud” dastanlarının sadələşdirilmiş variantı üzərində yeni layihə hazırlayaraq əziz balalarımıza təqdim edirik.
Bizim başlatdığımız bu ideya inşaallah ki, mültimedia şirkətlərinə, teleradio şirkətlərinə də təsir edəcək, nağıllarımız və dastanlarımız əsasında cizgi filmləri, bədii filmlər çəkiləcək. Və yad ideologiya ilə böyümək problemindən qurtulacağıq.
Müqəddimə
Məhəmməd peyğəmbərin (s. a. v) zamanında yaxın Bayat boyunda Qorqud ata deyilən bir kişi vardı. O kişi oğuzların kamil bilicisi idi: nə deyirdisə, olurdu. Gələcəkdən qəribə xəbərlər söyləyirdi. Allah onun könlünə ilham verirdi…
Bir gün Qorqud ata dedi: Bir gün gələcək dünyada hökmranlıq türklərin əlinə keçəcək.
Və bu hökmranlığı heç kim onların əlindən ala bilməyəcək. Qiyamət günü qopunca, necə var, elə də ömür sürüb gedəcək.Qorqud ata həm də oğuz xalqının çətin işlərini həll edərdi. Nə olsa, Qorqud ataya danışmayınca iş görməzdilər. O, nə buyursa, qəbul edirdilər, sözün tutub gedirdilər.
Dədə Qorqud xalqı düzgün əməllərlə yaşamaq üçün tez-tez məsləhətlər veridi ki, bir vaxtdan sonra bu fikirlər atalar sözlərinə çevrilmişdir.
Allah-allah deməyincə işlər düzəlməz.
Qadir tanrı verməyincə kişi varlanmaz.
Əzəldən yazılmasa, qul başına qəza gəlməz.
Əcəl vaxtı çatmayınca kimsə ölməz.
Ölən adam dirilməz, çıxan can geri gəlməz.
Bir igidin Qara dağ yumrusunca malı olsa,
yığar toplayar, qismətindən artığını yeyə bilməz.
Qovuşaraq sular daşsa, dəniz dolmaz.
Təkəbbürlük eyləyəni tanrı sevməz.
Könlünü uca tutan adamda ağıl olmaz.
Qara eşşək başına yüyən vursan, qatır olmaz.
Qaravaşa don geydirsən də, qadın olmaz.
Lopa-lopa qarlar yağsa, yaza qalmaz.