Nikolay Ostrovski
Polad necə bərkidi. Аvtobioqrafik roman
Nikolay Ostrovskinin (1904-1936) “Polad necə bərkidi” romanı haqqında “İnsan üçün ən qiymətli şey həyatdır. Həyat insana bir dəfə verilir, o həyatı elə yaşamalısan ki, səmərəsiz keçən günlər üçün sonra əzab çəkib, heyfislənməyəsən, keçən günlərin rəzaləti və alçaqlığı üçün utanmayasan… Yaşamağa tələsmək lazımdır”
Əsərdəki hadisələr öz aktuallığını itirsə belə, bu onun böyüklüyünə, onun hərarətinə kölgə salmır. Ostrovskinin “Polad necə bərkidi” romanı, həmin əsərlər sırasında öz əzəmətli və mətanətli yerini saxlayır. Polad necə bərkidi uzun müddət sovet tərbiyə əsərlərinin siyahısında yer alıb, nəsillərin tərbiyəsinə xidmət göstərib. Doğrudur, indi üstündən bir xeyli müddət keçib, sovet dövləti dağılıb, formasiya dəyişib, o dövrün anlayışları olan bolşevizm, partiya, komsomol, kommunizm, Lenin, sinfi mübarizə, artıq arxaizmə çevrilib. Ancaq bu əsərin ideyasını, heç vəchlə aşağılamır. Romanın qayəsi ideyaya sadiqlikdən və onun uğrunda mübarizədən keçir.
Roman 1930-34-cü illər ərzində yazılıb. “Polad necə bərkidi” dəfələrə milyon tirajlarla çap edilib, bir neçə dəfə ekranlaşdırılıb.
Polad necə bərkidi avtobioqrafik əsərdir. Amma müəllif əsəri birinci şəxsin dilindən yazmayıb. Əsərin qəhrəmanı Pavel Korçagin, əslində Ostrovskinin özüdür. Ən ağır, qara işdə – ocaqçı köməkçisi işində çalışan bir uşaq gözünü açandan, ancaq əzab, aşağılanma və istismar görür. Ostrovski ehtimal ki, Korçagin adını koçeqar (ocaqçı) sözündən yaradıb.
Ostrovski yazırdı: “Mən, sutkada 13-15 saat işləyirdim. Məni döyürdülər. Məni pis işlədiyimə görə döymürdülər. Mən, vicdanla işləyirdim. Ona görə döyürdülər ki, ağanın istədiyi qədər pul verə bilmirdim. Həmin adamlar humanizmdən danışırdılar, evdə isə Vaqnerə və Bethovenə qulaq asırdılar”.
Ostrovskinin 15 yaşı olanda 1919-cu il idi. Ölkədə vətəndaş müharibəsi gedirdi. Ostrovski bir matrosun təbliğatı sayəsində prosesə qoşulur. Yazıçı əsərdə, həmin matrosu Juxray adı ilə təsvir edib. Romanda göstərilir ki, Pavel qızıl ordu sıralarında vuruşur. Lakin Ostrovski özü, bunu heç vaxt təsdiq etməyib.
Belə bir fikir var ki, o “ÇK” sıralarında fəaliyyət göstərib. Daha sonra o komsomola daxil olur, qəza miqyasında aktivistə çevrilir, partiyaya üzv seçilir. Bolşevizmi təbliğ edir, əksinqilabçılarla mübarizə aparır. Döyüşlərdə yaralanır, bir gözünü itirir, bir neçə dəfə xəstələnir, ancaq ideyaya tükənməz inam, mübarizə eşqi onu xəstəliyə baxmayaraq, davam etməyə sövq edir. “Ovod” kitabı Pavelin güc, dözüm və iradə mənbəyi olur.
Xəstəlik onu inqilabi işdən ayırır. O, sıradan çıxdığına görə sarsıntı keçirir. Sıraya qayıtmaq eşqi, onu bir an belə rahat buraxmır. Amma necə? Xəyanət etmiş bədənlə işləmək olmazdı. Depressiyaya girir, özünə sui-qəsd etməyə cəhd edir. Ancaq alınmır. Onu sanatoriyaya göndərirlər. Burada bir qadın – Marta Purin ona özünü ədəbiyyatda sınamağı təklif edir: “Sənin yaxşı nağıl etmək bacarığın var, ədəbi əməklə məşğul ola bilərsən. Xatirələrini kağıza yazmağa çalış”. Kitab yazmaq ideyası yaranır. Lakin bir tərəfədən şiddətlənən xəstəlik, digər tərəfdən yaradıcılıq iztirabı ona əziyyət verir. Ostrovski ciddi və çox sürətli mütaliəyə başlayır. O adi bir oxucunun 20 ilə oxuya biləcəyi kitabları, yarım ilə oxuyub bitirir. Ən çox macəra kitabları sevir. 24 yaşında 1927-ci ildə Ostrovski yataq xəstəsinə çevrilir. Həmin ilin payızında o roman yazmağa başlayır. Bir il sonra gözləri tutulur. Bədbəxtlik yenə ondan əl çəkmir. İlk əlyazması itir. Ancaq o, yenə ümidi itirməyərək yaradıcılıq işini davam etdirir.