Читать онлайн «Bircə nə istədiyimi bilsəydim ona çatmaq üçün hər şeyi edərdim»

Автор Барбара Шер

Barbara Şer

Bircə nə istədiyimi bilsəydim ona çatmaq üçün hər şeyi edərdim

Sevimli atam Sem Şerin xatirəsinə. O, həyatımızı işıqlandırırdı.

Təşəkkürlər

Mənim əlyazmamı oxumaq və tənqidi təhlil etməyə çoxlu vaxt sərf etmiş insanlara təşəkkür edirəm. Siz çoxsunuz və mən hər birinizi ayrıca qeyd edə bilmirəm, amma sizin köməyinizi nə qədər qiymətləndirdiyimi bilirsiniz və bu mətnə necə təsir etmiş olduğunuzu özünüz görəcəksiniz. Dörd nəfərə – gözəl yazıçılar Susan Brauser və Julie Schonfeld-ə (habelə yaxşı həyatın nə olduğunu Julie-yə danışmış atasına – mən girişdə ona iqtibas edirəm). Judith Riven əlyazmasının hər sətrini diqqətlə nəzərdən keçirib və mənə böyük kömək edib. Dördüncü şəxs mənim gözəl anam Nettie Sher-dir. Bu mətn onu sehrləmişdi: oxuyub qurtarandan sonra mənə baxmış və demişdi: «Çox təəssüf ki, mənim sənin kimi daha bir qızım yoxdur».

Kris Dahl və Leslie Schnur – agent və redaktor, mənim səmadan enmiş qoruyucu mələklərimdir. Onlara gözəl birgə iş təcrübəsinə görə təşəkkür edir, uzun və xoşbəxt həyat arzulayıram.

Hər şeydən artıq isə həmişə öz həyatlarına meydan oxumağa və onu istədikləri kimi etməyə cəsarət tapan müştərilərimə təşəkkür edirəm. Onlar neçə illərdir ki, məni ilhamlandırır və özləri ilə işləməyə icazə verməklə həyatımı xoşuma gələn edirlər.

B. Sher.

Jane və Elaine, eləcə də Maura Walker-ə minnətdarlıqla, Stella Smith-in xatirəsinə.

B. Smith.

Ön söz

Həyatda nə etmək istədiyini bilməmək ciddi işdir. Məqsədi olmamaq xoş deyil. «Xəyala dalmağın ziyanı yoxdur» adlı birinci kitabımda arzuladığınızı əldə etməyi qələbə adlandırır, addım-addım ona doğru gedib, ən istəkli arzularınızın gerçəkləşəcəyi həyatı qurmağınızı təsvir edirəm.

Lakin artıq uzun illərdir ki, oxucular mənə «Kitabınız çox xoşuma gəlir, amma ondan istifadə edə bilmirəm, çünki məqsədim yoxdur. Mən sadəcə nə istədiyimi bilmirəm» sözləri ilə müraciət edirdilər.

Bu mənə maraqlı gəldi. Mən bu adamların probleminin nədən ibarət olduğunu aydınlaşdırmağa qərar verdim və öz istəklərini müəyyən edə bilməyənlərlə görüşməyə başladım. Onlar mənə öz tarixçələrini danışır, mən suallar verirdim və tezliklə aydın olurdu ki, müştərilərin hamısı, özlərinin də xəbərlərinin olmadığı daxili mübarizədə ilişib qalıblar.

Onların heç vaxt ağlına gəlməyib ki, ürəklərinin dərinliklərində nə istədiklərini bilirlər, sadəcə onların istəkləri daxili münaqişələri ilə pərdələnib. Onlar problemdən xəbər tutandan sonra bərk təəccüblənir və dərin rahatlıq hissi əldə edirdilər. Onlara yalnız bu münaqişələri çözmək üçün plan işləyib-hazırlamaq qalırdı ki, bunu da etmək çətin deyildi. İnsanlar sanki oyanır və bir-iki görüşdən sonra hərəkətə başlayırdılar!

Bu qəribə idi. Ona görə də bütün kəşf və strategiyalarımızı bir kitabda toplamaq qərarına gəldim ki, hamı onlardan istifadə edə bilsin. İndi həmin kitab sizin əlinizdədir.

Siz nə istədiyinizi anlamadığınız üçün sevdiyiniz işlə məşğul olmur və arzularınızın arxasınca getmirsiniz? Sizi əmin edirəm ki, tək deyilsiniz. Problem geniş yayılıb, amma onun həlli də mövcuddur. Bu səhifələrdəki təsvirlərdə özünüzü tanıyan kimi növbəti səhifələrdə dərhal sizə kömək edəcək üsulları görəcəksiniz. Sizə xas olan xüsusiyyətlərə bir deyil, bir neçə fəsildə rast gəlsəniz təəccüblənməyin. Hamısını oxuyun. Bizim əksəriyyətimiz mürəkkəb, çoxtərəfli məxluqlarıq və sizin üçün yol açacaq tapşırıq istənilən fəsildə ola bilər.