E. H. Porter
POLYANNA
Polli Harrinqton
Xoş bir iyun səhəri idi. Evin xanımı Polli Harrinqton iti addımlarla mətbəxə girdi. Əslində, o, tələskənliyi sevmirdi. Nensi adlı xidmətçi qız da sahibəsinin bu hərəkətindən çox təəccüblənmişdi. Nensi artıq iki ay idi ki, bu evdə işləyirdi. Amma Polli Harrinqtonu heç vaxt belə görməmişdi. Ona görə də indi evin xanımının belə qaçaraq gəldiyini görəndə bunun nəsə ciddi bir səbəbi olduğunu düşündü.
Polli Harrinqton yüksəkdən səsləndi:
– Nensi!
Xidmətçi qız əlindəki məcməyini yuya-yuya cavab verdi:
– Bəli, xanım!
Polli bu dəfə daha yüksək və acıqlı səslə təkrar etdi:
– Nensi! Dəfələrlə demişəm ki, səni çağıran zaman əlindəki işi dərhal saxla və mənə qulaq as!
Xidmətçi qız əlindəki məcməyini bir kənara qoyub dedi:
– Baş üstə, xanım. Sadəcə, siz mənə bu səhər mətbəxdə təmizlik işlərini tez bitirməyi əmr etmişdiniz, mən də ona görə…
– Bəsdir, Nensi! – Polli Harrinqton onun sözünü kəsdi. – Mən sənin izahatına qulaq asmalı deyiləm, sən məni dinləməlisən!
Nensi dedi:
– Buyurun, xanım.
Bu iki sözün ardınca xidmətçi qız dərindən bir ah çəkmək istədi, amma özünü saxladı. Görəsən, nə vaxtsa evin sahibəsi ondan razı qalacaqdımı? Bir dəfə də olsa, ona xoş üz göstərəcəkdimi?
Nensi indiyədək heç vaxt xidmətçilik etməmişdi. Xəstə anası Nensidən başqa üç körpəsi ilə dul qalandan sonra ailəni dolandırmaq yazıq qızcığazın boynuna düşmüşdü.
Hər şey iki ay əvvəl başladı. Nensi Harrinqton ailəsinin malikanəsində xidmətçi kimi işləyəcəyini eşidəndə çox sevindi. Polli Harrinqton şəhərin ən varlı ailələrindən birinin övladı idi. Belə zəngin bir ev sahibəsinin malikanəsində işləmək hər kəsə nəsib ola bilməzdi. Odur ki xidmətçi qız özünü bəxtəvər hesab edirdi. Amma bu bəxtəvərlik elə iki ay əvvəldə qaldı.
Artıq Nensi başqa cür düşünürdü. Harrinqton malikanəsində günləri məşəqqətli keçirdi.Polli Harrinqton ona acıqlanmaq üçün sanki fürsət axtarırdı: yerə bir əşyanın düşməsi, hətta qapının azca bərk örtülməsi kifayət idi ki, buna görə Nensiyə dişinin dibindən çıxanı desin.
Qızcığaz bu iki ayda sahibəsinin bircə dəfə də gülümsədiyini görməmişdi.
Nensi ağlından keçənləri bir kənara qoyub yenidən diqqətini topladı. Sahibəsinin nə deyəcəyini gözlədi.
Polli Harrinqton isə əvvəlki acıqlı səslə sözlərinə davam etdi:
– Çardaqdakı kiçik otağı sahmana sal. Çarpayı qoy, döşəməni təmizlə.
– Baş üstə, xanım.
– Həmin otaqda bacım qızı Polyanna yatacaq. Onun cəmi on bir yaşı var. Bu günlərdə Harrinqton malikanəsinə gələcək. O bundan sonra bizimlə yaşayacaq.
Eşitdiyi xəbər Nensini çox sevindirdi.
– Deməli, malikanəmizə balaca bir qız uşağı gələcək! Bu çox gözəl xəbərdir! İnanıram ki, o özü ilə evə fərəh, sevinc gətirəcək.
Polli Harrinqton Polyannanın gəlişinə Nensinin bu qədər sevinməsinin səbəbini anlaya bilmədi. Odur ki təəccüblə xidmətçi qızın üzünə baxdı. Sifətini turşudaraq dedi:
– Bu sözlərə görə sağ ol. Amma düzünə qalsa, mən öz həyatımdan çox məmnunam və hər hansı yeniliyə ehtiyac duymuram.
Nensi bir az narahat halda, ehtiyatla soruşdu:
– Amma onun bura gəlişi sizin də ürəyinizdəndir, elə deyilmi?