Читать онлайн «Hannibal»

Автор Gabriel Richard A.

Riçard A. Qabriel

Hannibal

Özünü düşünmədən alova atan onun daha gur yanmasına xidmət edir.

Hannibal

Hannibalın andı

Gecə. Müqəddəs quyuda şölələnən alovun qığılcımları Şimali Afrikada yerləşən Karfagen ölkəsinin əzəmətli tanrısı Baal-Hammonun tunc heykəlini işıqlandırır. Bir tərəfdə ağ geyimli kahinlər dayanıb. Digər tərəfdə çalğıçılar fleyta və qavallarla kədərli musiqi ifa edirlər. Bir kənarda durmuş 7 yaşlı oğlan heyrət və dəhşət içindədir.

Oğlanı bu müqəddəs yerə valideynləri gətirib. Onlardan biri – ana qucağındakı körpəni bərk-bərk bağrına basıb. Gözləri yaşarıb. Elə ata da dərin hüzn içindədir. Oğlanın valideynləri kahinlərə yaxınlaşırlar. Bir neçə ay əvvəl doğulmuş körpə altı övladdan ən kiçiyidir. Onu qırmızı əski ilə bələyiblər, əllərini və ayaqlarını isə dəri kəmərlə bağlayıblar. Ana nəvaziş dolu baxışlarını sonuncu dəfə övladına dikib körpəni kahinlərdən birinə uzadır. Karfagen müharibələrinin iştirakçısı olan ata geri çevrilir və gözüyaşlı arvadını oradan uzaqlaşdırır. Ailənin digər üzvləri də onun ardınca gedir… Bircə 7 yaşlı oğlan yerinə mıxlanıb. O, baxışlarını bu qorxunc mənzərədən çəkə bilmir.

Kahin körpəni quyunun kənarına gətirib tunc heykələ təntənəli şəkildə təzim edir. Sonra gözünü qırpmadan uşağın boğazını kəsir. Daha sonra meyiti alovlanan quyunun içinə atır. Karfagendə kahinlər bu mərasimi 600 ildən artıqdır ki, həyata keçirirlər.

Fleytalarla qavalların səsi bir-birinə qarışır. Kütlə Karfageni qoruyan tanrıya gətirilən qurban mərasimini vəcdlə izləyir. Mərasim günəş doğanadək davam edir. 7 yaşlı oğlanın gözyaşları isə səhərəcən qurumur. Bu uşaq – Hannibal Barka həmin gecə yaşadıqlarını həyatı boyu unutmayacaq!

Karfagendə vəziyyət ağırlaşdıqca daha çox uşağın qurban gətirilməsində təəccüblü heç nə yox idi. Üstəlik, belə hesab olunurdu ki, qurban mərasimi üçün təkcə zadəgan uşaqları uyğun gəlir. M. ö. III əsrdə, Hannibal və ailəsinin yaşadığı dövrdə bu mərasim daha da geniş yayılmışdı. Həmin dönəmdə Karfagenin müqəddəs qəbiristanlığında urnaların sayı 20 minə çatmışdı.

Həmin vaxt Karfagendə durum ağır idi: bir qədər sonra haqqında ətraflı bəhs edəcəyimiz bu ölkə Roma dövlətinə uduzmuşdu, üstəlik, daxili üsyanlar nəticəsində daha da zəifləmişdi. Belə üsyanlardan biri bütün ölkəyə yayılmış, tezliklə vətəndaş müharibəsinə çevrilmişdi. Hannibalın atası Haminkar da hadisələrin fəal iştirakçısı idi. O, Siciliyada yerləşən Karfagen ordusuna başçılıq edirdi. Haminkar muzdluların üsyanını yatırtmaq üçün əlindən gələni əsirgəməmişdi. Sərkərdə bu ağır dönəmdə, şübhəsiz ki, kömək üçün tanrısına üz tutmuş və yeni doğulmuş körpəsini qurban gətirmişdi. Hannibal da üç bacısı və ailənin digər üzvləri ilə birgə həmin mərasimdə iştirak etmişdi. Yeri gəlmişkən, hadisədən bir il sonra ailədə daha bir oğlan övladı doğulacaqdı... .