Читать онлайн «Hekayələr»

Автор Иван Бунин

İvan Bunin

Seçmə hekayələr

MİTYANIN MƏHƏBBƏTİ

I

Moskvada Mityanın axırıncı sevincli günü martın doqquzu idi. Hər halda, ona belə gəlirdi.

Onlar Katya ilə birlikdə səhər saat on ikiyə işləyəndə Tverskoy bulvarla yuxarı qalxırdılar. Qışı birdən-birə bahar əvəz etmişdi, günəş yeri, demək olar, qızdırırdı. Elə bil ki, doğrudan da, torağaylar uçub gəlmiş, özləri ilə isti hava, sevinc gətirmişdilər. Hər şey islanmışdı, hər şey əriyirdi, evlərdən su damırdı, dalandarlar səkilərin buzunu sındırıb qazıyır, yumşalmış qarı damlardan yerə atırdılar; hər yer adamla dolu, qələbəlik idi. Yüksəkdəki buludlar seyrək ağ tüstü kimi dağılaraq mavimtraq səmaya qarışırdı. Uzaqda fikrə dalmış xoşsimalı Puşkin ucalırdı; Strastnoy monastır parlayırdı. Lakin hər şeydən yaxşı bu idi ki, həmin gün xüsusilə məlahətli olan Katya bütünlüklə sadəqəlblik və səmimiyyət mücəssəməsi idi, tez-tez uşaqcasına sadəlövhlüklə Mityanın qoluna girir, aşağıdan onun üzünə, xoşbəxt, hətta elə bil azca təkəbbür ifadə edən çöhrəsinə baxırdı. Mitya elə iri addımlarla yeriyirdi ki, Katya onunla zorla ayaqlaşırdı.

Puşkinin yanında Katya birdən dedi:

− Sən necə də məzəlisən, güləndə yekə ağzın uşaqcasına bacarıqsız, məlahətlə açılır. Sən incimə, mən səni elə bu təbəssümünə görə sevirəm.

Bir də sənin Bizans gözlərinə görə…

Həm mübhəm məmnuniyyətini, həm də yüngülvarı narazılığını zorla gizlədərək gülümsəməməyə səy edən Mitya indi artıq qarşısında yüksələn abidəyə baxa-baxa dostcasına cavab verdi:

− Uşaqlığa qalanda, deyəsən, bu cəhətdən biz bir-birimizdən o qədər də uzaqlaşmamışıq. O ki qaldı bənzəməyə, sən Çin imperatriçəsinə bənzədiyin kimi, mən də bizanslıya bənzəyirəm. Bu Bizanslar, İntibahlar sizin hamınızın ağlını çaşdırıb… Mən sənin ananın hərəkətlərini başa düşə bilmirəm!

Katya soruşdu:

− Yaxşı, bəs sən onun yerində olsaydın, məni balaxanaya salıb qapısını kilidləyərdin?

Mitya özünü sakit və dostcasına laqeyd saxlamaq cəhdini davam etdirərək cavab verdi:

− Balaxanaya salmazdım, amma bütün o, guya ki artistlər bohemasını, studiyalardan və konservatoriyalardan, teatr məktəblərindən peyda olan bütün bu gələcək şöhrət sahiblərini evin astanasına da yaxın buraxmazdım. Axı sən özün mənə deyirdin ki, Bukovetski səni Strelnaya şama dəvət edirdi, Yeqorov sənin nəsə ölməkdə olan dəniz dalğası şəklində lüt bədəninin gildən heykəlini yapmaq istəyirdi, sən də ki bu cür şərəfə nail olmaqdan məmnun qalmışdın.

Katya dedi:

− Mən, fərqi yoxdur, hətta sənin xatirinə də incəsənətdən imtina etmərəm. Ola bilsin, sənin tez-tez dediyin kimi, mən murdarın biriyəm, − deyə əlavə etdi. Halbuki Mitya ona heç vaxt belə söz deməmişdi. − Ola bilsin, mən pozğun adamam, lakin sən məni necə varam, elə qəbul et. Gəl savaşmayaq, heç olmasa indi, bu cür gözəl gündə sən məni qısqanmaqdan əl çək! − Katya onun gözünün içinə bu dəfə süni işvəkarlıqla baxaraq yavaşdan və israrla: − Axı necə başa düşmürsən ki, mənim üçün sən, hər halda, hamıdan yaxşı, yeganə insansan? − deyərək dalğın halda, aram-aram ifadəli tərzdə oxudu:

Bizim aramızda mürgülü bir sirr,Ürək ürəyinə üzük veribdir.