Читать онлайн «Hekayələr»

Автор Хемингуэй Эрнест Миллер

Ernest Heminquey

Seçmə hekayələr

PƏRVANƏ VƏ TANK

Həmin axşam mən yağışın altında senzura idarəsindən evə, “Florida” otelinə qayıdırdım. Yağış lap zəhləmi tökmüşdü və mən boğazımı yaşlamaq üçün yarıyolda “Çikote” barına girdim.

Artıq ikinci qış idi ki, Madridi fasiləsiz atəşə tuturdular. Hər şey – tənbəki də, əsəblər də tükənmək üzrə idi, adam daim aclıq hiss edirdi və birdən özündən asılı olmayan şeylərə, məsələn, havanın pis olmasına mənasız yerə əsəbiləşirdi. Əlbəttə, yaxşısı bu olardı ki, düz evə gedim. Ancaq otelə hardasa beş məhəllə qalmış gözüm barın qapısına sataşmışdı və mən əvvəlcə bir stəkan nəsə içib sonra yoluma davam etməyi, mərmilərin altını üstünə çevirdiyi palçıqlı Qran-Via küçəsi ilə qalan beş-altı məhəlləni də qət etməyi qərara almışdım.

Bar adamla dolu idi. Nə piştaxtaya yaxın durmaq olurdu, nə də boş masa gözə dəyirdi. Tüstü-duman, ahəngsiz mahnı sədaları, hərbi geyimli kişilər, yaş dəri gödəkçələrin iyi… Bir stəkan içki üçünsə əlini barmeni üçqat mühasirəyə almış adamların başı üzərindən uzatmaq lazım gəlirdi.

Tanış ofisiant hardansa mənə bir stul tapdı və mən qayışbaldır, solğunbənizli, yekəxirtdək bir almanın yanında masa arxasında əyləşdim. Onun senzurada xidmət etdiyini bilirdim. Yanında tanımadığım daha iki nəfər oturmuşdu. Masa, demək olar ki, otağın ortasında, girişdən sağda idi.

Mahnı səsindən adam özünün dediyini də eşitmirdi, amma mən kinə qatılmış cin sifarış etməyə nail oldum. Bu, soyuqdəyməyə qarşı lazım idi. Axı yağışa düşmüşdüm. Barda adam əlindən tərpənmək olmurdu, hamı şən əhvali-ruhiyyədə idi. Hələ özünü tam tutmamış naməlum bir katalon içkisinin dadına baxan hər kəsin kefi kök, hətta deyərdim ki, həddindən artıq kök idi.

Tanımadığım adamlar bir-iki dəfə kürəyimi döyəclədilər. Bizim masanın arxasında oturan qız mənə nəsə deyəndə isə heç nə eşitməsəm də, cavab verdim:

– Əlbəttə.

Ora-bura boylanmaqdan yorulub mənimlə eyni masa ətrafında oturanların üzünə baxdım və anladım ki, qız çirkindir, dəhşətli dərəcədə çirkindir. Ofisiant geri qayıdanda isə məlum oldu ki, bayaq qız mənə onlarla birlikdə içməyi təklif edirmiş. Onu müşayiət edən oğlan çox da qətiyyətli deyildi, ancaq qızın qətiyyəti ikisinə də bəs edirdi. Kobud, kəskin sifət cizgiləri var idi, bədən quruluşuna görə isə şir təlimçisini xatırladırdı. Yanındakı oğlansa həç məktəbli pencəyini və qalstukunu çıxartmasa yaxşı idi, amma çıxarmışdı. Başqaları kimi dəri gödəkçə geymişdi. Sadəcə, oğlanın ködəkçəsi quru idi, belə anlamaq olardı ki, onlar hələ yağış başlamamışdan burada oturublar. Qızın da əynində dəri gödəkçə var idi, özü də sifət tipinə yaraşırdı.

Mən artıq birbaşa evə getməyib “Çikote”yə baş çəkməyimə peşman olmuşdum. Bu saat əynimi dəyişib quru paltar geyinmişdim, uzanmışdım, ayaqlarımı qaldırıb çarpayının başına qoymuşdum və kef edirdim. Həm də qarşımdakı cütlüyə baxmaq məni bezdirmişdi. Həyatda yaşamağa vaxtımız az, eybəcər qadınlarsa yer üzündə həddindən artıq çoxdur və indi, bu masa arxasında oturan zaman belə fikrə gəldim ki, yazıçı olmağıma, bu üzdən də hər şeyi bilmək həvəsimə baxmayaraq onların evli olub-olmadıqları, bir-birindən niyə xoşları gəldiyi, siyasi baxışları, kimin o birinin əvəzinə pul ödədiyi, digər problemləri məni qətiyyən maraqlandırmır. Belə qənaətə gəldim ki, onlar, yəqin, radioda işləyirlər. Adətən, Madriddə qəribə adamlara rast gələndə sonradan məlum olurdu ki, radioda işləyirlər. Nəsə bir söz deməyin xatirinə, hay-küyün içində eşidilmək üçün qışqıra-qışqıra soruşdum: