Читать онлайн «Qorxu vadisi»

Автор Дойл Артур Конан

Artur Konan Doyl

QORXU VADİSİ

1

– Mənə elə gəlir…

– Fikirləşin, fikirləşin, – Şerlok Holms mənə baxmadan dedi.

Nə qədər səbirli adam olsam da, onun etinasızlığı mənə toxundu.

– Qulaq asın, Holms, mənim də səbrimin bir həddi var.

Ancaq o məni eşidəsi halda deyildi, başı poçtla gələn məktuba qarışmışdı. Əvvəl zərfdən çıxardığı vərəqi, sonra zərfin özünü diqqətlə gözdən keçirdi.

– Porlokun xəttidir, – fikirli-fikirli dedi. – Ancaq məktubu Porlok yazıbsa, burda nəsə mühüm xəbər olmalıdır. Gərək yubanmadan oxuyaq.

– Porlok kimdir?

– “Porlok” onun ləqəbidir, Uotson, bu adamın arxasında isə çox hiyləgər, zirək bir şəxs dayanır. Əvvəlki məktubunda Porlok adının uydurma olduğunu bildirmişdi, xahiş etmişdi ki, onu axtarmayım. Mənə onun arxasındakı adam lazımdır. Moriartinin peşəsi haqqında sizə dəfələrlə danışmışam.

– Elədir. Həm alim, həm də cinayətkar və məkrli planlar qurmağın ustası…

– Ona məğlub olmağımı hələ də unuda bilmirəm… Ancaq Moriartini cinayətkar adlandırmaqla siz də qanunu pozursunuz. Buna iftira atmaq deyirlər. Əslində, bu adam ən qorxulu canilərdən biri, az qala bütün cinayətlərin təşkilatçısıdır. Əsassız ittihama görə sizi hətta məhkəməyə verə bilər. Bu adam dahidir, Uotson! Ancaq gec-tez biz də qələbəni bayram edəcəyik!

– Həmin günü görməyi çox istəyərdim! – dedim. – Ancaq siz Porlokdan danışırdınız…

– Ah, hə… Porlok bu qeyri-adi insanın yaratdığı uzun zəncirin yalnız bir halqasıdır. Həm də ikincidərəcəli halqadır. Pul qarşılığında o mənə iki dəfə mühüm məlumat ötürüb. Bunun sayəsində də cinayətin qarşısı alınıb. Əgər şifrin açarını tapa bilsək, bu məktubun da elə məlumatlardan biri olacağına inanıram.

Holms məktubu açıb stolun üstünə qoydu.

Kağızda aşağıdakılar yazılmışdı:

534 S2 13 127 36 31 4 17 21 45

Duqlas 109 293 5 37 Birlstoun.

26 Birlstoun 9 18 171

– Bu haqda nə fikirləşirsiniz, Holms?

– Yəqin, hansısa məxfi məlumatı xəbər vermək istəyir.

– Amma açar yoxdursa, şifrli məktubun nə faydası?

– Aydın məsələdir ki, şifri hansısa kitabın səhifələrində çözmək mümkün olacaq. Ancaq kitabın adını bilməyincə mən gücsüzəm.

– Bəs “Duqlas” və “Birlstoun” sözlərinin mənası nədir?

– Görünür, həmin sözlərin mənası bu kağızda yoxdur, əziz Uotson. Çünki şifrli məktubla açarı heç vaxt eyni zərfdə göndərməzlər. Tezliklə ikinci məktubu almasaq, çox təəccüblənərəm.

Doğrudan da, bir neçə dəqiqədən sonra Billi ikinci məktubu gətirdi. Ancaq Holms məktubu oxuyub başını buladı:

– Bizim ehtimalımız özünü doğrultmadı. Qulaq asın, Uotson!

“Hörmətli mister Holms, artıq sizə kömək eləyə bilməyəcəyəm. O məndən şübhələnib. Zərfin üstünə ünvanı yazanda qəfil otağıma girdi. Zərfi gizlətməyə çalışsam da, şübhələndiyini hiss etdim. Şifrli məktubu yandırın, indi onun sizə heç bir faydası yoxdur.

Fred Porlok”.

Holms əlində məktub bir müddət dinməzcə oturdu.

– Onun qorxduğu şəxs, yəqin ki, professor Moriartidir?

– Buna şübhə yoxdur. Dəstənin başında “O” durur.

– Bəs Porlok qorxduğu halda niyə məktub göndərib?

– Ondan izahat tələb edib pis vəziyyətdə qoyacağımdan qorxub.

– Doğrudur, – deyib şifrli məktubu əlimə götürdüm. – Fikirləşəndə ki bu bir parça kağızda mühüm sirr var, sən də onu oxuya bilmirsən, az qalır adam havalana.