Artur Konan Doyl
Baskervillərin iti
Yaddan çıxmış əlağacı
Mister Şerlok Holms, adəti üzrə, yuxudan gec durmuşdu, masa arxasında oturub səhər yeməyini yeyirdi. Mən buxarının qabağında dayanıb dünən bizə gələn adamın yadından çıxardığı əlağacını nəzərdən keçirirdim. Ağacın əl tutan yerindən bir az aşağıda kiçik bir gümüş lövhəcik vurulmuşdu:
Arxası mənə tərəf oturmuş Holms üzünü çevirmədən dilləndi:
– Hə, Uotson, bu əlağacı haqqında nə fikirdəsiniz? Dünən onun sahibi ilə söhbət etməyə vaxt olmadı.
– Məncə, bu adam həkimdir. Özü də kənd həkimidir. Yəqin ki, böyük hörmət sahibidir.
– Nədən belə düşünürsünüz?
– Bu cür əlağacından, adətən, həkimlər istifadə edirlər. Ağacın ucuna vurulan dəmir lap yeyilmişdir. Deməli, bu adam piyada çox gəzir. Kənd həkimləri piyada çox gəzməli olurlar. Bir də ki əgər dostları ona belə bir hədiyyə veriblərsə, deməli, ona hamı hörmət edir.
Holms dedi:
– Çox ağlabatan fikirdir. Uotson, siz xəfiyyəlikdə çox irəli getmisiniz!
Bunu deyən Holms əlağacını məndən alıb pəncərəyə yaxınlaşdı, ağacı lupa ilə gözdən keçirməyə başladı.
– Uotson, sizin dediklərinizə mən bunları əlavə edə bilərəm. Bu ağac mister Mortimerə Çarinq-kross xəstəxanasında işləyən həkim dostları tərəfindən verilib. Mortimer oradan beş il bundan əvvəl getmişdir. Bundan başqa, deyə bilərəm ki, Çeyms Mortimer şöhrətpərəst deyil, bir qədər dalğın adamdır və onun çox da böyük olmayan sevimli iti var.
Şerlok Holms özündənrazı halda divana söykəndi, qəlyandan bir-iki qullab vurub havaya kiçik tüstü həlqələri buraxmağa başladı. Mən şübhəli-şübhəli güldüm.
– Xəstəxananın adı və Mortimerin oradan getmə tarixi ilə bağlı dediklərinizlə razılaşmaya bilmərəm. Lövhəcikdəki ÇKX hərfləri buna işarə edir. Lakin söylədiyinizin son hissəsini yoxlamaq mümkün deyil.
– Əgər bu adam adlı-sanlı xəstəxananı atıb kəndə həkimlik etməyə gedirsə, deməli, şöhrətpərəst deyil. Dünən mister Mortimer qonaq otağında bir saatdan artıq gözlədikdən sonra vizit vərəqi əvəzinə əlağacını qoyub getmişdir. Bu isə onun dalğınlığına dəlalət edir.
– Bəs it?
– Əlağacının bəzi yerləri gəmirilib. İt dişlərinin yeri lap aydın görünür. O itə öz sahibinin ardınca şey gətirməyi öyrədiblərmiş. Mən hətta deyə bilərəm ki, bu it qıvrım tüklü spanieldir.
Onun son sözlərində elə bir inam ifadə olunurdu ki, mən təəccübdən donub-qaldım:
– Bu lap ağ oldu, dostum, axı nə üçün siz buna belə əminsiniz?
– Ona görə əminəm ki, mən o iti qapımızın qabağında görürəm; budur, bu da onun sahibinin zəngi. – Holms bic-bic gülümsədi. – Uotson, xahiş edirəm otaqda qalın! Siz axı onunla peşə yoldaşısınız. Sizin burada olmağınız mənə kömək edər. Maraqlıdır, Ceyms Mortimerin polis xəfiyyəsi Şerlok Holmsa nə işi düşə bilər?. . Buyurun!
Həkim Mortimer hündürboy, arıq, uzunburunlu bir adamdı; bir-birinə yaxın olan boz gözləri qızıl sağanaqlı gözlüyü arxasından par-par parıldayırdı. Yaşı az olsa da, kürəyi indidən donqarlaşmışdı. Bizim qonaq otağa girən kimi Holmsun əlindəki ağaca baxıb ona sarı gedərək sevinclə dedi:
– Ha fikirləşirdim, heç cür yadıma sala bilmirdim ki, bunu harada qoymuşam!. . Əgər səhv etmirəmsə, mən, deyəsən, mister Şerlok Holmsla söhbət etmək şərəfinə nail olmuşam. Bəs onda… – Mortimer mənə işarə etdi.