Читать онлайн «Aya Səyahət»

Автор Жюль Верн

Жюль Верн

Aya Səyahət

© «Altun kitab» MMC – 2020

1

ABŞ-da vətəndaş müharibəsi illəri idi. Həmin vaxt Merilend ştatının əsas şəhərlərinin birində – Baltimorda «Topçular klubu» yaradılmışdı. Müharibə insanların döyüş əhvali-ruhiyyəsini əməllicə yüksəltmişdi. Odur ki hamı işini-gücünü atıb bu kluba üzv yazılırdı. İş o yerə çatmışdı ki, hətta ticarətçilər belə piştaxtalarını tərk edir, «Topçular klubu» na üzv olur, bir göz qırpımında zabitə çevrilirdilər.

Amerikanlar artilleriya sahəsində avropalıları ötmüşdülər: qısa vaxtda çox uzaq məsafələri vuran qeyri-adi ölçüdə toplar yaratmışdılar. Əslində, burada təəccüblü heç nə yoxdur: axı yankilər dünyada ən yaxşı mexaniklərdir. Onlar sanki mühəndis doğulublar.

1861–65-ci illərdə baş verən vətəndaş müharibəsi şimallılarla cənublular arasında gedirdi. Bu savaş zamanı topçular xüsusi hörmət qazanmışdılar. Çünki döyüşlərin taleyini daha çox onların bacarığı, məharəti həll edirdi.

Elə Baltimordakı «Topçular klubu» da buna görə yaranmışdı. Cəmi bir ayda kluba saysız-hesabsız üzv yazıldı. Şərt isə sadə idi: kluba üzv olmaq istəyən şəxs ya yeni top icad etməli, ya da mövcud olanlardan hər hansı birini təkmilləşdirməli idi.

Nəticədə ABŞ-da az qala hamı ixtiraçı olmaq fikrinə düşmüşdü. Amerikalılar nəhəng silah icad etmək üçün bir-biri ilə yarışırdılar. Hər kəs digərindən daha uzaq məsafəni vura bilən top düzəltməyə çalışırdı. Bu zaman arzuedilməz hadisələr də baş verirdi; məsələn, həmin topların sınağı zamanı bir də görürdün, mərmi təsadüfən yaxınlıqdan keçən kiməsə tuş gəldi və onu param-parça etdi. Belə qurbanların sayı-hesabı yox idi.

İnanmazsınız, amma «Topçular klubu» nun hər bir üzvü «orta hesabla» iki min üç yüz yetmiş beş adam qətlə yetirmişdi!

Belə çıxırdı ki, müharibə bir qıraqda qalmışdı, bu klub üzvlərinin özləri insan nəslinin kökünü kəsməyə girişmişdilər. Hətta özləri də savaşa qoşulduqlarından döyüş meydanında həlak olan klub üzvləri də az deyildi. Lakin bütün bunlar «Topçular klubu» nun üzvlərini öz inadkarlığından geri döndərə bilmirdi.

Di gəl, günlərin bir günü baş verən bir hadisə onların kefinə əməlli-başlı soğan doğradı. Belə ki, şimallılarla cənublular bir-birini qırmaqdan əl çəkdilər: sülh müqaviləsi imzalandı və vətəndaş müharibəsi başa çatdı! Bununla da atəş səsləri kəsildi, qısalüləli topların gurultusu susdu. Digər silahlar kimi toplar da öz vəzifəsini başa vurdu və onları cəbbəxanalara yerləşdirdilər. Qanlı-qadalı müharibə əvvəlcə acı xatirələrə çevrildi, sonra isə, ümumiyyətlə, unudulmağa başladı. Amansız döyüşlərin getdiyi torpaqlar pambıq tarlalarına çevrildi. İnsanların göz yaşları qurudu, onlar əyinlərindəki matəm libasını çıxarıb adi həyata qayıtdılar.

Beləcə, «Topçular klubu» nun üzvləri işsiz-gücsüz qaldılar. Artıq onlara ehtiyac yox idi.

Düzdür, bəziləri hələ də yeni və nəhəng silahlar icad etmək üçün dəridən-qabıqdan çıxırdılar. Lakin bir halda ki həmin silahlara artıq ehtiyac qalmamışdı, bunun nə mənası vardı?

Aylar keçdikcə «Topçular klubu» nun yerləşdiyi binadan yavaş-yavaş əl-ayaq kəsildi, masaların üstündəki qəzetləri kif basdı. İndi burada tək-tük yankiyə rast gəlmək olardı. Onlar da bütün günü mürgü döyməklə məşğul idilər. Həmin yankilərdən biri – Tom Qanter elə hey donquldanırdı.