Читать онлайн «80 gün dünya ətrafında»

Автор Жюль Верн

Jül Vern

80 gün dünya ətrafında

© Altun kitab MMC – 2020

1

Cənab Foq elə sakit və təmkinli adam idi ki, deyərdin, min il yaşasa da, qocalmaz! Bir sözlə, qüsursuz centlmen idi! Di gəl, Londonda heç kim bu cənab haqqında ətraflı heç nə bilmirdi. O özü haqqında danışmağı sevməz, ümumiyyətlə, nadir hallarda ağzını açıb bir söz deyərdi. Bu cənabın nə ailəsi vardı, nə də yaxın dostları. O nə tacir idi, nə də sahibkar; heç torpaq sahibi də deyildi. Lakin pulu çox idi. İnsanlar onun bu sərvəti necə qazandığını bilmirdilər. Heç bir cəmiyyətə üzv olmasa da, xeyriyyə işlərindən qətiyyən boyun qaçırmazdı. Fileas Foq haqqında adamlara məlum olan bircə şey vardı ki, bu da onun «Reform» klubuna üzv olması idi.

Bu centlmen dünya xəritəsini əzbər bilirdi desək, yəqin ki, yanılmarıq. Yer kürəsinin ən ucqar nöqtələri haqqında belə məlumatı vardı. Kənardan baxanlara elə gəlirdi ki, Fileas Foq bütün dünyanı gəzib-dolaşıb. Halbuki uzun illərdən bəri onun Londondan qırağa çıxdığını görən olmamışdı. Şəhəri tərk etməməsi bir yana, cənab Foq hətta yolunu da dəyişməzdi: hər gün eyni vaxtda eyni yolla evdən kluba, klubdan evə gedib-gələrdi.

Bəli, bu cənabın bütün hərəkətləri riyazi dəqiqliklə ölçülüb-biçilmişdi. O hər səhər düz saat 8-də yuxudan durur, 9-a 23 dəqiqə işləmiş çay və qızardılmış çörəkdən ibarət səhər yeməyini yeyirdi. 9-a 23 dəqiqə qalmış nökəri Ceyms ona üzünü taraş etməsi üçün isti su gətirirdi.

Cənab Foq 9-a 20 dəqiqə qalmış taraş olmağa başlayır, sonra yuyunur, ardınca əynini geyinirdi. Saat 12-nin yarısında evdən çıxır, Londonun ən məşhur klublarından biri olan «Reform» a yollanır və bütün gününü orada keçirirdi. Evə bir də gecə saat 12-də qayıdırdı.

Bu centlmen uzun illər məhz belə yaşamışdı. Lakin günlərin bir günü, daha dəqiq desək, 1872-ci il oktyabr ayının 2-də Fileas Foqun həyatında mühüm dəyişiklik baş verdi. O, nökəri Ceymsi işdən qovdu. Çünki həmin gün Ceyms ağasının üzünü taraş etmək üçün istədiyi suyu səksən altı dərəcəyə qədər qızdırmalı olduğu halda vur-tut səksən dörd dərəcəyə kimi isitmişdi! Cənab Foq bu cür qeyri-dəqiqliyə əsla göz yuma bilməzdi! Ceyms etiraz etməyin mənasız olduğunu yaxşı bilirdi, odur ki öz yerinə başqa birini tapıb ağasının yanına gətirdi.

Həmin vaxt Fileas Foq kresloda oturub gözünü saata dikmişdi. Divardan asılmış bu mürəkkəb mexanizm təkcə günün saatlarını, dəqiqələrini, saniyələrini deyil, həftənin günlərini, ayın tarixini də göstərirdi. Bu zaman kiçik qonaq otağının qapısı döyüldü. Çox keçmədi ki, Foqun bu gün işdən çıxardığı Ceyms qapının ağzında göründü.

– Yeni lakeyiniz! – Ceyms təntənəli şəkildə elan elədi. Ardınca da otuz yaşlarında cavan bir oğlan içəri girib salam verdi.