Artur Konan Doyl
Şerlok Holms və doktor Vatson
© Altun kitab MMC – 2022
Hissə I
Birinci fəsil
1878-ci ildə London universitetini bitirib həkim ixtisasına yiyələndikdən sonra xüsusi hərbi cərrahlıq kursu keçdim. Kursu başa vuran kimi məni İngiltərə ordusunun beşinci atıcı alayına cərrah assistenti təyin etdilər. Həmin vaxt alay Hindistanda idi. Odur ki mən oraya yollandım. Elə bu vaxt İngiltərə ilə Əfqanıstan arasında ikinci müharibə başladı. Hindistana çatdıqda isə alayımızın düşmən mövqelərinə doğru artıq xeyli irəlilədiyini eşitdim. Ona görə də digər yeni zabitlərlə birgə alayımızın arxasınca yollandıq. Nəhayət, Qəndəharda hərbçi yoldaşlarımıza qoşulduq. Bundan sonra dərhal yeni vəzifəmin başına keçdim.
Uzun sürən məşəqqətli yolçuluq məni tamam əldən salmışdı. Üstəlik, kürəyimdəki yaranın ağrıları azalmaq bilmirdi, odur ki digər yaralılarla birgə əsas hospitala göndərildim. Müalicədən sonra tədricən özümə gəlməyə başladım. Hətta qalxıb gəzişir, arabir havamı dəyişmək üçün eyvana çıxırdım. Bu zaman növbəti bədbəxtlik baş verdi: Hindistanda tüğyan edən yatalaq xəstəliyi məni də yaxaladı.
Vəziyyətim o qədər ağır idi ki, hətta həkimlər sağalacağıma inanmırdılar. Bununla belə, ölümün cəngindən qurtula bildim. Bu müddətdə lap zəiflədim, ayaq üstə zorla dayanırdım. Ona görə də həkimlər mənim təcili İngiltərəyə qayıtmağımı məsləhət bildilər. “Orontes” adlı hərbi gəmi ilə yola düşdüm və bir ay sonra mənzilbaşına – İngiltərənin bir əyalət şəhərinə çatdım. Sağlamlığımı itirmişdim, ancaq ingilis hökumətinin qayğısı altında təxminən doqquz ay sonra tamamilə özümə gəldim.Bu qərara gəldiyim gün gözlənilməz hadisə baş verdi: Kriterion barında kimsə əlini qəfildən kürəyimə vurdu. Geri çevrildim. Qarşımda bir vaxtlar yanımda feldşer işləmiş gənc Stemford dayanmışdı. Tənhalığa məhkum olmuş birinin ucsuz-bucaqsız Londonda tanış sima görməsi necə də xoşdur! Əvvəllər Stemfordla düz-əməlli yoldaşlıq etməmişdik. Buna baxmayaraq, onunla qarşılaşdığıma görə çox sevindim; elə o da mənə hədsiz mehribanlıq göstərdi. Mən onu qəhvəaltıya dəvət etdim və biz vaxt itirmədən faytona minərək restorana getdik.